...

bp Bakı-Tbilisi-Ceyhan operatorluğunun təhvil verilməsi ilə bağlı danışıb

İqtisadiyyat Materials 6 Mart 2026 18:21 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin bp-yə verilməsi bp-nin qərarı deyil, müqavilədə nəzərdə tutulub.

Trend xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib.

"Bu, 30 il əvvəl imzalanmış müqavilədə nəzərdə tutulub. Buna görə də, aydınlıq gətirmək istəyirəm: bp boru kəmərindən "imtina etmək" qərarı vermir. Biz sadəcə 30 il əvvəl bağlanmış müqavilənin şərtlərini yerinə yetiririk.

Keçidin əməliyyat pozuntularına səbəb olmamasını təmin etmək üçün dəyişikliklərin idarə olunması prosesimiz var. Məsələn, dəyişikliklərin idarə olunmasının bir hissəsi olaraq, əsas podratçıları və onların təhvil vermə metodlarını nəzərə alırıq. Kritik texniki xidmət məlumatlarını və bir sıra digər elementləri təhlil edirik - bütün bunlar müvafiq qurumlara ötürüləcək. Lakin əvvəllər də dediyim kimi, bu, çox ciddi və hərtərəfli dəyişikliklərin idarə olunması prosesi ilə tənzimlənir, çünki heç kim boru kəmərində pozuntular istəmir", - o bildirib.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayında bp şirkəti Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinin istismarının vaxtında təhvil verilməsi üçün zəruri addımların planlaşdırılması məqsədilə müvafiq orqanlarla müzakirələrin aparıldığını elan etmişdi.

Şirkət qeyd etmişdir ki, müvafiq boru kəmərlərinin idarə edilməsi müqavilələrinə əsasən, neft və qaz ixrac boru kəmərlərinin istismarı bu müqavilələrdə göstərilən müddətlər ərzində müvafiq hökumətlərə və ya dövlət orqanlarına təhvil verilməlidir.

"Məhz bu müqavilələr əsasında 2021-ci ildə Cənubi Qafqaz Boru Kəmərinin istismarı həm Azərbaycan, həm də Gürcüstanda SOCAR-a təhvil verilmişdir. Bu müqavilələr həmçinin əvvəlcədən razılaşdırılmış müddətlər ərzində Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərlərinin istismarının Azərbaycan, Gürcüstan və Türkiyədəki müvafiq orqanlara təhvil verilməsini nəzərdə tutur. Hazırda bu məsələ ilə bağlı zəruri addımların vaxtında planlaşdırılması üçün müvafiq orqanlarla müzakirələr aparılır", - bp Azerbaijan bildirib.

Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri Azəri-Çıraq-Günəşli (AÇG) yatağından nefti və Şahdəniz yatağından kondensatı Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən nəql edir. O, Xəzər dənizindəki Səngəçal terminalını Türkiyənin Aralıq dənizindəki Ceyhan dəniz terminalı ilə birləşdirir. Bu boru kəməri həmçinin Türkmənistan və Qazaxıstandan neft nəqlini davam etdirir. 2006-cı ilin iyun ayında istismara verilən boru kəməri BP tərəfindən idarə olunan Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkəti (BTC Co.) tərəfindən inşa edilib. BTC Co.-nun səhmdarları: bp (30.10%), SOCAR (32.97%), MOL (8.90%), TPAO (6.53%), Eni (5.00%), TotalEnergies (5.00%), ITOCHU (3.40%), ONGC Videsh (3.10%), ExxonMobil (2.50%) və INPEX (2.50%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti