Bakı. Trend:
Moldova Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura qarşı son hücumlar fonunda mülki obyektlərin vurulmasını və dinc sakinlərə yetirilən xəsarətləri qətiyyətlə pisləyir.
Trend xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoi Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.
“Biz Azərbaycan xalqı ilə tam həmrəyliyimizi ifadə edir və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəyişməz dəstəyimizi bir daha təsdiqləyirik”, – deyə o bildirib.
Nazir həmçinin qeyd edib ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı hörmət, dəstək və anlaşma əsasında qurulan dostluq münasibətlərinin və dinamik əməkdaşlığın davamlı inkişafını yüksək qiymətləndirir.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.
