...

Naxçıvana hücum İranın riyakarlığının və nankorluğunun növbəti təzahürüdür - Azər Qarayev

Siyasət Materials 6 Mart 2026 17:00 (UTC +04:00)
Naxçıvana hücum İranın riyakarlığının və nankorluğunun növbəti təzahürüdür - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 5-də İran Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları Naxçıvan Muxtar Respublikasının ərazisinə zərbələr endirdi. Zərbələrin hədəfi hərbi obyektlər deyil, mülki infrastrukturlar idi. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanı istiqamətinə, digəri isə məktəbin yaxınlığına düşdü. Hadisə nəticəsində dörd nəfər xəsarət aldı. Bu fakt özü-özlüyündə İranın regiondakı siyasətinin mahiyyətini və molla rejiminin əsl simasını açıq şəkildə ortaya qoymaqla yanaşı İranın riyakarlığının və nankorluğunun növbəti təzahürüdür.

Bunu Trend-ə politoloq Azər Qarayev deyib.

"Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Dövlət başçısı hadisəni açıq şəkildə terror aktı kimi qiymətləndirdi. Prezident İlham Əliyev çıxışında bildirdi: "Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi". Bu sözlər hadisənin mahiyyətini tam şəkildə ifadə edir. Çünki Naxçıvan istiqamətində həyata keçirilən zərbələr sırf mülki obyektlərə yönəlmişdi. Bu isə beynəlxalq hüququn, humanitar prinsiplərin və elementar insanlıq dəyərlərinin kobud şəkildə pozulması deməkdir", - o bildirib.

Onun sözlərinə görə, İranın hücum üçün məhz Naxçıvan istiqamətini seçməsi təsadüfi sayıla bilməz.

"Molla rejimi yaxşı bilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsi uzun illərdir məhdud vəziyyətdədir. Bu səbəbdən regionu ölkənin digər hissəsi ilə əsasən hava nəqliyyatı birləşdirir. Naxçıvan hava limanını hədəf almaqla İran faktiki olaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni kəsmək niyyətində olduğunu göstərmiş oldu. Bu taktika region üçün yeni deyil. 1990-cı illərdə Ermənistan eyni metodu istifadə edərək Naxçıvanı blokadada saxlamağa çalışmışdı. Bu gün isə İranın həmin yanaşmanı təkrarlaması diqqətdən qaça bilməz. Belə addım həm də İranın regionda sabitlik və əməkdaşlıq haqqında verdiyi bəyanatların nə qədər riyakar olduğunu göstərir", - o bildirib.

A.Qarayev qeyd edib ki, Naxçıvana qarşı dron hücumundan dərhal sonra diqqət çəkən digər mühüm məqamlardan biri informasiya məkanında baş verən proseslər oldu.

"Hadisə baş verən kimi İran, Ermənistan və qismən də Rusiya informasiya seqmentində koordinasiyalı şəkildə çoxsaylı dezinformasiya materialları yayılmağa başladı. Sosial şəbəkələrdə, xüsusilə Telegram və X kanallarında və bəzi media resurslarında hadisənin mahiyyətini təhrif edən, məsuliyyəti yayındırmağa yönəlmiş feyk xəbərlər tirajlandı. Bu məlumatların əsas məqsədi hücumun əsl mahiyyətini gizlətmək və beynəlxalq ictimai rəyi çaşdırmaq idi. Bir sıra platformalarda zərbələrin guya "naməlum qüvvələr" tərəfindən həyata keçirildiyi iddia olunur, bəzilərində isə ümumiyyətlə İranın bu hadisə ilə əlaqəsinin olmadığı barədə iddialar irəli sürülürdü. Digər bir qrup dezinformasiya materiallarında isə hadisə təhrif edilərək guya Azərbaycanın vəziyyəti "şişirtdiyi" kimi əsassız tezislər irəli sürülürdü. Bu cür informasiya manipulyasiyası təsadüfi deyil. Müasir münaqişələrdə hərbi hücumlarla paralel şəkildə genişmiqyaslı informasiya müharibəsi də aparılır. Hücum edən tərəf beynəlxalq ictimai rəyə təsir göstərmək, məsuliyyətdən yayınmaq və hadisənin siyasi nəticələrini minimuma endirmək üçün müxtəlif dezinformasiya metodlarından istifadə edir. Naxçıvan hadisəsindən sonra yayılan məlumatların xarakteri də bunu açıq şəkildə göstərirdi. Belə kampaniyaların digər məqsədi isə Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq, ictimai rəyi manipulyasiya etmək və hadisənin real səbəbləri barədə şübhələr formalaşdırmaq idi. Lakin rəsmi qurumların operativ açıqlamaları, hadisə yerindən yayılan görüntülər və faktlara əsaslanan məlumatlar bu cür manipulyasiyaların qısa müddətdə ifşa olunmasına səbəb oldu. Bu hadisə bir daha göstərdi ki, regionda baş verən gərginliklər zamanı təkcə hərbi təhlükələr deyil, informasiya təhlükəsizliyi də ciddi əhəmiyyət daşıyır", - o bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycan regiondakı bütün gərginliklərdə daim balanslı və məsuliyyətli siyasət yürüdüb. Ölkəmiz heç vaxt öz ərazisinin başqa dövlətlərə qarşı istifadə olunmasına imkan verməyib. Bu prinsip dəfələrlə rəsmi şəkildə bəyan edilib.

"Prezident İlham Əliyev də Təhlükəsizlik Şurasının iclasında bunu bir daha xatırladaraq bildirdi: "Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik". Azərbaycanın bu mövqeyi uzun illərdir dəyişməz olaraq qalır. Bakı regionda qarşıdurma deyil, əməkdaşlıq tərəfdarı olduğunu hər zaman göstərib. Lakin buna baxmayaraq, İran tərəfi davamlı olaraq Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib və təxribat xarakterli addımlar atıb", - o bildirib.

A.Qarayev qeyd edib ki, Naxçıvana hücum hadisəsinin ən diqqət çəkən tərəflərindən biri də ondan əvvəl baş verən hadisələrdir.

"İranın ali dini rəhbərinin ölümü ilə bağlı dünyada çox az dövlət başçısı rəsmi addım atmışdı. Prezident İlham Əliyev isə şəxsən İranın Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verdi. Bu addım beynəlxalq diplomatiyada nadir jestlərdən biridir. Dövlət başçısı bunu sadəcə diplomatik protokol kimi deyil, qonşuluq münasibətlərinə hörmət əlaməti kimi etdi. Hətta İranın çətin vəziyyətdə qaldığı digər məsələlərdə də Azərbaycan yardım göstərməyə hazır olduğunu bildirdi. Prezident İlham Əliyev bu barədə çıxışında belə dedi: "Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib". Bu fakt Azərbaycanın münasibətlərdə səmimi və açıq siyasət apardığını bir daha göstərir. Lakin İranın buna cavabı mülki obyektlərə qarşı dron zərbəsi oldu", - politoloq bildirib.

Onun sözlərinə görə, Azərbaycan yalnız diplomatik jestlərlə kifayətlənməmişdi. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, İranın Livanda qalmış diplomatik əməkdaşlarının təxliyəsi məsələsində də Bakı kömək göstərməyə razılıq verdi.

"Dövlət başçısı bu epizodu belə xatırlatdı: "Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik?". Bu sözlər Azərbaycanın humanitar və qonşuluq prinsipinə sadiq siyasətini açıq şəkildə göstərir. Lakin eyni zamanda İranın davranışı ilə bu siyasət arasındakı ziddiyyəti də ortaya qoyur", - o bildirib.

A.Qarayev qeyd edib ki, İranın Azərbaycana qarşı düşmən mövqeyi son hadisələrlə məhdudlaşmır.

"Bir müddət əvvəl Azərbaycanın Tehrandakı səfirliyi də terror hücumuna məruz qalmışdı. Silahlı şəxs səfirliyə daxil olaraq Azərbaycan vətəndaşlarına atəş açmışdı. Hadisə nəticəsində bir nəfər həyatını itirmiş, bir nəfər isə ağır yaralanmışdı. Ən diqqət çəkən məqam isə hücumun uzun müddət davam etməsinə baxmayaraq, İranın təhlükəsizlik orqanlarının hadisəyə dərhal müdaxilə etməməsi idi. Bu fakt Azərbaycan ictimaiyyətində haqlı olaraq ciddi suallar doğurmuşdu. Prezident İlham Əliyev çıxışında bu hadisəni xatırladaraq dedi: "O vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir". Bu hadisə iki ölkə münasibətlərində ciddi gərginliyə səbəb olmuş və Azərbaycan səfirliyinin fəaliyyəti dayandırılmışdı", - o bildirib.

Politoloq vurğulayıb ki, İranın Azərbaycana münasibətinin kökləri daha əvvələ - Qarabağ münaqişəsinin illərinə gedib çıxır.

"Azərbaycan torpaqları 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qaldığı dövrdə İran rəsmi olaraq neytral mövqe nümayiş etdirdiyini iddia etsə də, faktlar fərqli mənzərə göstərirdi. İşğal olunmuş ərazilərdə dağıdılmış şəhər və kəndlərdən tikinti materiallarının İrana aparılması barədə çoxsaylı məlumatlar yayılmışdı. Daşların və digər materialların sökülərək satılması həmin dövrdə geniş müzakirə mövzusu olmuşdu. Bundan əlavə, Ermənistan iqtisadi və logistika baxımından İranla sıx əlaqələr saxlayırdı. Bu əlaqələr regionda balansın pozulmasına səbəb olurdu. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi zamanı da İranın davranışı Azərbaycanda ciddi narazılıq doğurmuşdu. Müharibə dövründə Ermənistan istiqamətinə yanacaq və digər resursların göndərilməsi barədə məlumatlar yayılmışdı. Həmin dövrdə İran rəsmiləri "qırmızı xətlər" barədə bəyanatlar verir, regiondakı proseslərlə bağlı Azərbaycana yönəlik tənqidlər səsləndirirdilər. Bu isə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi bir dövrdə ciddi suallar doğururdu", - o bildirib.

A.Qarayev bildirib ki, bütün bu hadisələrə baxmayaraq Azərbaycan regionda sabitliyin tərəfdarı olaraq qalır. Lakin ölkə öz təhlükəsizliyini qorumaq üçün də bütün imkanlara malikdir.

"Prezident İlham Əliyev çıxışında bunu açıq şəkildə vurğuladı: "Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq". Bu bəyanat Azərbaycanın milli təhlükəsizlik məsələlərində qətiyyətli mövqeyini göstərir. Azərbaycan dövləti mülki vətəndaşların təhlükəsizliyini qorumaq üçün bütün lazımi addımları atmağa hazır olduğunu dəfələrlə nümayiş etdirib. Naxçıvana dron hücumu İranın Azərbaycana qarşı siyasətində yeni mərhələ kimi qiymətləndirilə bilər. Bu hadisə bir daha göstərdi ki, rəsmi Tehran regionda sülh və əməkdaşlıq barədə səsləndirdiyi bəyanatlarla real siyasəti arasında ciddi ziddiyyət mövcuddur.

Azərbaycan isə bütün çətinliklərə baxmayaraq beynəlxalq hüquqa və qonşuluq prinsiplərinə sadiq qalır. Prezident İlham Əliyevin səfirliyə gedərək başsağlığı verməsi, diplomatik münasibətlərdə səmimiyyət nümayiş etdirməsi bunun bariz nümunəsidir. Lakin mülki infrastruktura hücum kimi addımlar regionda etimadı sarsıdır və münasibətlərə ciddi zərbə vurur. Tarix göstərir ki, Azərbaycan öz təhlükəsizliyini və suverenliyini qorumaq üçün hər zaman qətiyyətli olub və bundan sonra da belə olacaq", - politoloq əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti