Bakı. Trend:
Moldova Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə açıqdır.
Trend xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoi Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.
“Enerji sektoru Azərbaycan və Moldova arasında münasibətlərin inkişafında əsas istiqamətlərdən birinə çevrilə bilər. Təbii qaz mənbələrinin və tədarük marşrutlarının şaxələndirilməsi vasitəsilə enerji təhlükəsizliyinin təmin edilməsi Moldova Respublikası hökumətinin əsas prioritetlərindən biri olaraq qalmaqdadır. 2022-ci ildəki enerji böhranı zamanı Azərbaycan hakimiyyətinin göstərdiyi dəstəyə görə minnətdarıq. Bu jest bir daha təsdiqləyir ki, ölkəmiz etibarlı və güvənilən dostdur”, – deyə o bildirib.
Onun sözlərinə görə, Moldova Azərbaycanla əməkdaşlığın yalnız təbii qaz tədarükü sahəsində deyil, həm də enerji infrastrukturu və birgə layihələr istiqamətində genişləndirilməsinə açıqdır.
“Dövlət şirkəti "Energocom" vasitəsilə Moldova SOCAR ilə davamlı və konstruktiv dialoqu dəstəkləyir və “yaşıl enerji dəhlizi” layihəsinə maraq ifadə edir. Moldovada prioritet təşəbbüslərdə Azərbaycan şirkətlərinin iştirakı yüksək qiymətləndirilər”, – deyə Popşoi qeyd edib.
