Bakı. Trend:
ABŞ Fars körfəzində gəmilərin sığortalanması üçün xüsusi proqram həyata keçirəcək.
Trend xəbər verir ki, ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası və Maliyyə Nazirliyi İranla gərginlik fonunda Hörmüz boğazı vasitəsilə dəniz daşımalarını sabitləşdirmək məqsədilə bölgədə fəaliyyət göstərən gəmilər üçün 20 milyard dollara qədər sığorta təminatı olan təkrarsığorta proqramı başlatmağı planlaşdırır.
Korporasiyanın açıqlamasında qeyd olunub ki, Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının təkrarsığorta mexanizmi ümumilikdə təxminən 20 milyard dollar həcmində mümkün zərərlərin sığortalanmasını təmin edəcək.
Bildirilib ki, proqram İranla münaqişə fonunda Hörmüz boğazı üzərindən neft, mayeləşdirilmiş təbii qaz, gübrə və digər məhsulların daşınmasının normallaşdırılmasına yönəlib. Bu barədə korporasiyanın baş direktoru Ben Blek məlumat verib.
Onun sözlərinə görə, Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu təşəbbüslə digər proqramlarla müqayisədə daha geniş və etibarlı təhlükəsizlik təminatı təqdim edəcək.
“İnanırıq ki, hazırladığımız təkrarsığorta mexanizmi neft, benzin, mayeləşdirilmiş təbii qaz, reaktiv yanacaq və gübrənin Hörmüz boğazı vasitəsilə yenidən dünya bazarlarına çatdırılmasına şərait yaradacaq”, – deyə o vurğulayıb.