...

Almaniyanın əsas iqtisadi birlikləri hökumətə islahatların həyata keçirilməsi ilə bağlı çağırış ediblər

Dünya xəbərləri Materials 7 Mart 2026 05:08 (UTC +04:00)
Almaniyanın əsas iqtisadi birlikləri hökumətə islahatların həyata keçirilməsi ilə bağlı çağırış ediblər

Bakı. Trend:

Almaniyanın aparıcı iqtisadi birlikləri hökuməti təcili islahatlar həyata keçirməyə çağırıb.

Trend “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Alman Sənaye Birliyi (BDI), Alman İşəgötürənlər Birlikləri Assosiasiyası (BDA), Almaniya Sənaye və Ticarət Palataları Birliyi (DIHK) və Alman Sənətkarlar Birliyinin (ZDH) imzaladığı bəyanatda ölkə iqtisadiyyatının təhlükəli dönüş nöqtəsinə yaxınlaşa biləcəyi barədə xəbərdarlıq edilib.

Almaniya Kansleri Fridrix Merts ilə Münxendə keçirilən yüksəksəviyyəli görüş ərəfəsində səsləndirilən bəyanatda koalisiya hökumətindən daha sürətli addımlar və daha çox cəsarət gözlənildiyi bildirilib. Qurumlar Almaniyada biznes mühiti şərtlərinin son illərdə əhəmiyyətli dərəcədə gərginləşməsi barədə xəbərdarlıq edib. Qeyd olunub ki, iqtisadiyyat son vaxtlar misli görünməmiş beynəlxalq çağırışlara baxmayaraq, dayanıqlılıq nümayiş etdirib. Lakin üç ildir iqtisadi artımın olmaması fonunda bir çox göstərici iqtisadi dayanıqlığın zəiflədiyini və təhlükəli dönüş nöqtəsinə yaxınlaşdığını göstərir.

Birliklərin nümayəndələri hökumətin indiyədək irəli sürdüyü təşəbbüslərin qənaətbəxş olmadığını vurğulayaraq, bu il pensiya islahatının həyata keçirilməsini tələb edib, sosial sığorta sistemində müəyyən xərclərin dövlət büdcəsi hesabına maliyyələşdirilməsini təklif ediblər. Bundan başqa, Almaniyada bürokratik prosedurların azaldılmasının sürətləndirilməsi də tələblər arasındadır. Həmçinin enerji qiymətlərinin həddən artıq yüksək olduğu qeyd edilib, bu sahədə struktur islahatlarının reallaşdırılması, Almaniyanın enerji səmərəliliyi haqqında qanununun Avropa qaydalarına daha çox uyğunlaşdırılması təklif olunub.

Xəbər lenti

Xəbər lenti