Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkənin iri müdafiə şirkətləri silah istehsalının həcmini dörd dəfə artırmaq barədə razılığa gəliblər.
Trend xəbər verir ki, o bu barədə Ağ Evdə hərbi-sənaye kompleksinin aparıcı şirkətlərinin rəhbərləri ilə keçirilən görüşdən sonra “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Tramp qeyd edib ki, görüşdə “BAE Systems”, “Boeing”, “Honeywell Aerospace”, “L3Harris Missile Solutions”, “Lockheed Martin”, “Northrop Grumman” və “Raytheon” şirkətlərinin yüksək vəzifəli rəhbərləri iştirak ediblər.
Onun sözlərinə görə, tərəflər mümkün qədər qısa müddətdə maksimum istehsal səviyyəsinə çatmaq məqsədilə ən müasir silahların istehsalını dörd dəfə artırmaq barədə razılaşıblar. ABŞ lideri əlavə edib ki, istehsal güclərinin genişləndirilməsi görüşdən təxminən üç ay əvvəl başlanıb və artıq bir sıra zavodlar və istehsal xətləri fəaliyyətə başlayıb.
Tramp həmçinin vurğulayıb ki, ölkənin müxtəlif ştatları hərbi-sənaye kompleksinə aid yeni müəssisələrin tikintisi ilə bağlı tenderlərdə iştirak etmək üçün müraciətlər göndərirlər.
ABŞ prezidentinin sözlərinə görə, Amerika hərbi-sənaye kompleksinin rəhbərləri ilə növbəti görüşün iki aydan sonra keçirilməsi planlaşdırılır.