...

ADA Universiteti 20 illik yubileyini qeyd edir (FOTO)

Cəmiyyət Materials 7 Mart 2026 09:11 (UTC +04:00)
ADA Universiteti 20 illik yubileyini qeyd edir (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ADA Universitetinin tarixi 6 mart 2006-cı ildən başlayır və beləliklə bu gün 20 yaşı tamam olur. Fəaliyyətinə diplomatik təhsillə başlayan ADA Universiteti İnformasiya Texnologiyaları və mühəndislik, Biznes, İctimai və beynəlxalq münasibətlər, Hüquq, Təhsil, son illərdə isə ölkəmiz üçün vacib olan bir sıra yeni istiqamətlər, o cümlədən Kənd təsərrüfatı və qida elmləri, Dizayn və memarlıq fakültələrini təsis edib.

Trend xəbər verir ki, yubiley münasibətilə təşkil olunan tədbirdə çıxış edən rektor Hafiz Paşayev ADA Universitetinin kollektivini təbrik edərək təhsil ocağının qurulması tarixindən bəhs edib. O, çıxışında universitetin tələbə və professorlarını elmi tədqiqatlarda daha fəal olmağa, xüsusilə də daha çox bədii ədəbiyyat oxumağa çağıraraq, mütaliənin akademik mühit üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Hazırda ADA Universitetində 19 bakalavr, 13 magistr, 6 doktorantura ixtisası 300 nəfərlik pedaqoji heyət tərəfindən tədris olunur.

Proqramlardan 7-si ABŞ və Avropanın aparıcı universitetləri ilə birgə ikili diplom proqramlarıdır. Bundan əlavə, Universitet tərəfindən dövlət və özəl qurumlar üçün müxtəlif mövzularda ixtisasartırma proqramları da həyata keçirilir.

ADA Universitetində 58 ölkəni təmsil edən 5000 tələbə təhsil alır. Bu günə qədər Universitetdən bir o qədər də tələbə məzun olmuşdur. Məzunların məşğulluq göstəricisi 90%-dir. Tələbələr təhsil müddətində dünyanın müxtəlif ölkələrində yerləşən 189 partnyor universitetdə mübadilə proqramlarında iştirak edirlər.

Fəaliyyətin bir hissəsi də dövlət və özəl sektorla əlaqələrin inkişaf etdirilməsidir. Təhsil müddətində tələbələr müxtəlif karyera sərgilərində və təcrübə proqramlarında iştirak edirlər. Özəl qurumlarla birgə həyata keçirilən tələbə layihələri isə onları erkən illərdən iş mühiti ilə tanış edir və gələcək karyera imkanlarını genişləndirir.

Universitetin əsas fəaliyyət istiqamətlərindən biri də regionlarda yerləşən tarixi memarlıq abidələrinin bərpa olunaraq təhsilin orada aparılmasıdır. Belə ki, 2022-ci ildə bərpa olunmuş Qazax Müəllimlər Seminariyası ali təhsilə əlçatanlığı təmin etməklə, həm də regionlarda gənc kadrların inkişafına töhfə verir.

Gənclər arasında Azərbaycanın tarixi, ədəbiyyatı və mədəniyyətinin təbliği məqsədilə Universitet tərəfindən bir sıra tarixi əhəmiyyətli əsərlər və materiallar yenidən nəşr olunaraq ictimaiyyətə təqdim olunmuşdur. Bu nəşrlər həm də Azərbaycanla bağlı tədqiqat işlərinə dəstəkdir.

ADA Universiteti ölkəmizdə keçirilən bir sıra nüfuzlu beynəlxalq tədbirlərdə əsas akademik tərəfdaş və ya ev sahibi kimi yaxından iştirak edib.

Təsis olunduğu gündən akademik mükəmməllik və məsuliyyətli vətəndaşlıq kimi dəyərlər üzərində qurulmuş ADA Universiteti bu gün tədris olunan proqramlar, aparılan tədqiqatlar, beynəlxalq əlaqələri ilə ölkənin gələcək potensialının gücləndirilməsinə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti