Bakı. Trend:
16 iyun tarixində Almaniyanın Bonn şəhərində BMT-nin İqlim üzrə Subsidiar Orqanlarının 62-ci Sessiyası - SB62 öz işinə başlayıb.
Trend xəbər verir ki, Bonn Sessiyasının əsas məqsədi Braziliyanın Belem şəhərində keçiriləcək COP30-a hazırlıqdır.
Qeyd edilən sessiya çərçivəsində əsas məqamlardan biri gündəliyin təsdiqi prosesi olub.
Konfransın işini iki gün gecikdirən bu məsələ, nəhayət, Azərbaycan nümayəndə heyətinin Braziliyaya göstərdiyi dəstək sayəsində öz həllini tapıb. Gündəliyin qarşıdan gələn COP30-a ev sahibliyi edən ölkə kimi Braziliya tərəfindən razılaşdırılmasının nəzərdə tutulmasına baxmayaraq, Braziliya tərəfinin müraciəti əsasında, Azərbaycan nümayəndə heyəti bütün tərəflərlə intensiv danışıqlar aparıb və nəticədə gündəlik qəbul olunub.
Braziliyada keçiriləcək COP30-un baş icraçı direktoru Ana Amelia Kampos Toni, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Katibliyi Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.