Astana. Trend:
Qazaxıstan və Azərbaycan aqrar sektorda əməkdaşlığı gücləndirirlər və bu, 2024-cü ildə ikitərəfli ticarətin artımında əsas hərəkətverici qüvvə olub.
Trend-in məlumatına görə, bu barədə Astana Beynəlxalq Maliyyə Mərkəzi (ABMM) və ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun (IDD) birgə hesabatında qeyd olunur.
Qazaxıstan dünyanın ən iri taxıl istehsalçılarından biri olaraq 2024-cü ildə təxminən 8,1 milyon ton taxıl ixrac edib və bu məhsulun mühüm hissəsi Azərbaycana göndərilib. Azərbaycan isə Qazaxıstandan taxılı, əsasən, Bakı Taxıl Terminalı vasitəsilə alır – illik həcmi 1,5 milyon tona qədərdir. Əvəzində Azərbaycan Qazaxıstana meyvə və tərəvəz ixrac edir ki, bu da bir-birini tamamlayan tədarük zənciri yaradır.
Hesabatda vurğulanır ki, aqrar-ərzaq sektorunda, o cümlədən, logistika və məhsulların emalı sahəsində ticarət və investisiya layihələrinin inkişafı əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilir.
Bundan əlavə, Orta dəhlizin imkanlarından istifadə etməklə məhsulların saxlanması və daşınması sahəsində qarşılıqlı investisiyalar ölkələr arasında ərzaq ticarətini əhəmiyyətli dərəcədə optimallaşdıra, onun dayanıqlılığını və effektivliyini artıra bilər.
Beləliklə, aqrar əməkdaşlığın dərinləşdirilməsi Qazaxıstan və Azərbaycanın strateji maraqlarına cavab verir, regional ərzaq təhlükəsizliyini və iqtisadi inteqrasiyanı gücləndirir