Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycana 42 786 ədəd avtomobil idxal edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu sayda avtomobilin idxalına çəkilən xərcin həcmi 789,751 milyon ABŞ dolları olub.
Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 7 216 ədəd və ya 20,3%, dəyər ifadəsi ilə 141,294 milyon ABŞ dolları, yaxud da 21,8% artıb.
Dövr ərzində ölkəyə 16,235 milyon ABŞ dolları dəyərində 210 ədəd sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 709,137 milyon ABŞ dolları dəyərində 39 009 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20,966 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,527 milyard ABŞ dolları və ya 13,7% çoxdur.
Xarici ticarət dövriyyəsinin 11,001 milyard ABŞ dolları ixracın, 9,965 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,2% azalıb, idxal isə 36,5% artıb.
Nəticədə, xarici ticarətdə 1,036 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,801 milyard ABŞ dolları və ya 3,7 dəfə azdır.