Bakı. Trend:
Bir çox xroniki xəstəliyi olan insanlar isti havalarda diqqətli olmalıdırlar. Ürək-damar sistemi xəstəlikləri olan şəxslərdə yüksək temperatur qan damarlarının genişlənməsinə və təzyiqin düşməsinə səbəb ola bilər. Bu isə ürək döyüntülərinin artmasına, ürəyin yükünün çoxalmasına və infarkt riskinin yüksəlməsinə gətirib çıxara bilər.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.
Onun sözlərinə görə, hipertoniya və hipotoniya xəstələri üçün də isti hava təzyiqin qeyri-sabitləşməsinə səbəb olaraq başgicəllənmə, ürəkbulanma, hətta huş itkisi ilə nəticələnə bilər:
“Şəkərli diabet xəstələrində susuzlaşma daha tez inkişaf edir,
bu isə qanda şəkərin kəskin yüksəlməsinə və ya düşməsinə gətirib
çıxara bilər. Üstəlik, bəzi diabet dərmanları və insulin bədəndə
maye itkisini artırır. Xroniki tənəffüs xəstəlikləri, xüsusilə
astma və xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) olanlarda isti
hava ilə birlikdə artan rütubət nəfəs darlığını artırır, tutmaların
tezliyini yüksəldə bilər.
Böyrək xəstəlikləri olan şəxslər isə maye-elektrolit balansının
pozulmasına daha həssasdırlar, çünki bədən temperaturunun
tənzimlənməsi üçün lazım olan tərləmə funksiyası onlarda böyrək
yükünü artırır və bu, böyrək funksiyasının daha da zəifləməsinə
səbəb ola bilər”.
Mütəxəssis-ekspert qeyd edib ki, hamilə qadınlar, yaşlı insanlar və azyaşlı uşaqların orqanizmi isə temperatur dəyişikliklərinə qarşı daha az adaptasiya qabiliyyətinə malikdir:
“Onlarda susuzlaşma, istilik iflici və digər istiliklə bağlı pozğunluqlar daha tez baş verir. Buna görə də, bu qruplara aid insanlar günün ən isti saatlarında (adətən 11:00–17:00 arası) çöldə olmamalı, bol maye qəbul etməli, yüngül və açıq rəngli geyimlər geyinməli, birbaşa günəş işığından qorunmalı və müntəzəm olaraq qan təzyiqi, qan şəkəri kimi göstəricilərini izləməlidirlər”.