Bakı. Trend:
Yarandığı andan 20 il ərzində Məhkəmə-Hüquq Şurası uğurlu və şərəfli yol keçmişdir.
Trend xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransın açılış mərasimində Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov deyib.
O qeyd edib ki, Məhkəmə-Hüquq Şurası və onun əməkdaşlarının 20 illik gərgin fəaliyyəti nəticəsində Azərbaycanda müasir, savadlı və vicdanlı hakim korpusu formalaşmışdır.
"Onun ağır zəhməti nəticəsində bu gün məhkəmələr və hakimlər hüquq cəmiyyətinin ən görkəmli institutlarına və nümayəndələrinə çevrilmiş və ölkənin hüquq mühafizə sistemində layiqli və obyektiv mövqe tuturlar. Məhkəmə-Hüquq Şurası sovet üsulundan azad olunmuş dövlət idarəçiliyinin ən parlaq nümunələrindən biridir və müasir dövrümüzdə belə olaraq qalır. Mən bu nailiyyətlərə görə Məhkəmə-Hüquq Şurasının keçmiş Sədri, hazırda Konstitusiya Məhkəməsinin hakimi cənab Fikrət Məmmədovu və Məhkəmə-Hüquq Şurasının Sədri, Ali Məhkəmənin Sədri cənab İnam Kərimovu, habelə Şuranın hazırkı və keçmiş əməkdaşlarını ürəkdən təbrik edirəm."
G. Kərimov qeyd edib ki, son illərdə Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra islahatlar keçirilmişdir.
"Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, 2023-cü ildən etibarən Məhkəmə-Hüquq Şurası əsasən hakimlər tərəfindən formalaşır və Şura hazırda hakimliyin yeganə özünüidarəetmə orqanıdır. Beləliklə, əgər əvvəl məhkəmə hakimiyyəti ilə Məhkəmə-Hüquq Şurası arasında distant, sıx, orqanik əlaqələr olmadığından, mahiyyətcə məhkəmə hakimiyyətindən kənar olan Şurada məhkəmə sisteminin qarşısında olan məsələlərə çatmaq üçün əlavə fəaliyyət göstərmə məsuliyyəti narahatlığı olsa da, görülmüş tədbirlər nəticəsində qanunvericə hakimiyyəti və təşkilati funksiyaları Məhkəmə-Hüquq Şurasına ötürmüş və nəticədə, bu gün hakimiyyətin bir qolunu təşkil edən məhkəmə hakimiyyəti özü-özünü effektiv və səmərəli şəkildə idarə edir."
Şöbə müdiri qeyd edib ki, eyni zamanda, məhkəmə-hüquq sistemində növbəti islahatların keçirilməsi ilə bağlı Möhtərəm cənab Prezidentin 3 aprel 2019-cu il tarixli Fərmanı öz aktuallığını saxlamaqdadır.
"Fərmanın preambulasında deyilir – müasir dövrün tələblərinə cavab verən, yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesi sürətləndirilmək məqsədilə məhkəməyə müraciət imkanlarının genişləndirilməli, məhkəmə fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün əlavə tədbirlər gücləndirilməlidir."
G.Kərimov qeyd edib ki, bu çağırışlar hazırda da Məhkəmə-Hüquq Şurası üçün aktuadır.
"Belə ki, yubiley tədbirindəki bu fürsətdən istifadə edərək biz, təbriklərlə yanaşı, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti ilə bağlı arzularımızı da çatdırmaq istərdik.
Sual oluna bilər – niyə arzu? Bildiyiniz kimi, biz tövsiyə edə bilmərik, bu konstitusion prerogativ cənab Prezidentə məxsusdur, bu səbəbdən biz Sizinlə, hörmətli həmkarlar, yalnız öz arzularımızı bölüşmək istərdik.
Məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması qanunçuluq, obyektivlik və qərəzsizlik prinsipləri ilə sıx bağlıdır. Məhkəmə icraatının effektivliyinin yüksəldilməsi isə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə prosedurlarının səmərəli və effektiv keçirilməsi, qəbul edilmiş qərarların aydın və ağlabatanlığı, qərarı qəbul etmiş hakimin düşüncəsinin və qərarqəbuletmə bacarığının, qərəzliliyinə şübhələrin olmaması ilə dəyərləndirilir. Bu gün, sadaladığımız həmin tələblərə cavab verən hakim korpusunun formalaşdırılması vəzifəsi yalnız və yalnız Məhkəmə-Hüquq Şurasının çiyinlərinə düşür."
Şöbə müdiri bildirib ki, növbəti illərdə Məhkəmə-Hüquq Şurası məhkəmə icraatının effektivliyinin yüksəldilməsi və ümumən məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması səylərini daha da artırsın.
"Cəmiyyətin bu etibarını və etimadını saxlamaq üçün mövcud və gələcək hakimlər savadlı, biliyi ilə yanaşı yüksək mənəvi keyfiyyətlərə malik olmalıdır. Cəmiyyətimizdə məhkəmə hakimiyyəti yalnız öz qəbul etdiyi qərarların sayı, nüfuzu, hörməti və təkidi ilə birbaşa bağlıdır. Mən tam məsuliyyətlə və pafossuz deyə bilərəm ki, Məhkəmə-Hüquq Şurasının Sədri kimi hörmətli İnam müəllim yüksək mənəvi keyfiyyətlərə malik olan şəxsdir. Bu da bizə inam verir ki, gələcəkdə də bütün məhkəmə instansiyalarında, xüsusilə də Ali Məhkəmədə hakim korpusu, savadlı, düşüncəsi və analitik qabiliyyəti ilə yanaşı, öz həmkarları, vəkil korpusu və hüquq ictimaiyyəti arasında böyük nüfuza malik olan şəxslər – yüksək mənəvi keyfiyyətlərə malik olan hakimlər vasitəsilə formalaşacaqdır.
Məhkəmə sistemi kiçik bir ailədir. Özünəməxsus, ayrıca idarə olunan, hətta bəzən qapalı bir ailədir. Ölkədə hakimlərin sayı 600, 700, 800 ola bilər, bu əsas məsələ deyil. Bu kiçik spesifik ailə dövlətin ən ali sütunlarını qoruyub saxlayır. Onun müstəqilliyi çox önəmlidir. Xüsusilə vurğulamaq istərdim ki, nə qədər ki, məhkəmə sistemində hakimlərin seçimi, təyinatı və vəzifədə irəliləməsi heç bir ideoloji, qohumluq, dostluq və ərazi faktorlarından asılı olmayacaq, o qədər cəmiyyətin, habelə hakimlərin məhkəmə sisteminə müstəqilliyinə inamı artacaq, onun qəbul etdiyi qərarlara etibar möhkəmlənəcək, bu isə öz növbəsində qəbul edilmiş qərarların təsirinin sayını və keyfiyyətini artıracaqdır."