Bakı. Trend:
ABŞ-dən deportasiya olunan 89 nəfərdən ibarət qeyri-qanuni miqrant qrupu çərşənbə günü təyyarə reysi ilə Havana hava limanına çatıb.
Trend-in məlumatına görə, bu barədə Kuba Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, gələnlər arasında 76 kişi, 12 qadın və bir uşaq var.
Nazirlik bildirib ki, 2025-ci il ərzində Amerika qitəsinin müxtəlif ölkələrindən deportasiya olunan miqrantlarla 20 reys artıq Kubaya həyata keçirilib və ümumi say 676-ya çatıb.
Qaytarılma əməliyyatları Kuba və digər ölkələr arasında mövcud olan ikitərəfli miqrasiya sazişləri çərçivəsində həyata keçirilir. Kuba rəsmiləri bir daha ölkədən dəniz və ya quru yolu ilə qeyri-qanuni çıxışın ciddi risklər yaratdığını vurğulayaraq, müntəzəm, təhlükəsiz və nizamlı miqrasiyaya sadiq olduqlarını bildiriblər.
Eyni zamanda, Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla ABŞ-nin Florida ştatında yerləşən deportasiya mərkəzlərində saxlanılan miqrantların “dəhşətli şəraitdə” olduqlarını qeyd edib.