Bakı. Trend:
Bu gün səhər saatlarında İran tərəfindən həyata keçirilən raket zərbələrinin hədəfi İsrail ordusunun kiberkomandanlıq qərargahı, “C4I korpusu” və hərbi kəşfiyyat mərkəzi olub.
Trend xəbər verir ki, bu barədə "IRNA" agentliyi məlumat yayıb.
Məlumata görə, həmin obyektlərdə minlərlə hərbçi yerləşdirilmişdi və onlar kəşfiyyat məlumatlarının işlənməsi və kiber əməliyyatlara cavabdeh idilər.
Qeyd edilir ki, Hav-Yam kəşfiyyat mərkəzi İsrailin cənubunda, Beer-Şeva şəhərində yerləşir və partlayış dalğası yaxınlıqdakı xəstəxanaya təsir etsə də, ciddi ziyan dəyməyib. Eyni zamanda, hərbi infrastruktur dəqiq zərbə ilə vurulub.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.