Bakı.trend:
Qızını söydüyünə görə qonşusunu öldürən ata hakim qarşısına çıxarılıb.
Trend-in məlumatına görə, hadisə söyüş üstündə baş verib.
Belə ki, təqsirləndirilən şəxs qonşusu Bəhruz Məmmədovun bacısı oğlu Muradlı Əbəlfəzlə öz övladı Osman Həsənov arasında həmin kompleksin həyətində baş vermiş mübahisənin səbəbini aydınlaşdırmağa çalışıb.
Bu zaman Nahid Həsənov Bəhruz Məmmədovun onun övladı Ayan Həsənovanın ünvanına nalayiq ifadələr işlətməsini öyrənib. Buna görə onu öldürərək, qisas almaq qərarına gəlib.
Bu məqsədlə Nahid Bəhruz Məmmədovu kompleksin həyətində görüşə dəvət edib və cinayətkar niyyətini həyata keçirmək üçün özü ilə bıçaq da götürüb.
Nahid Həsənov həmin gün "Qobu Park-3" yaşayış kompleksində yerləşən 37 nömrəli binanın yan tərəfindəki yol ayırıcında Bəhruz Məmmədovla görüşərkən şəxsi münasibətlər zəminində əlbəyaxa olub. Bu zaman onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Daha sonra üzərindəki bıçaqla Bəhruz Məmmədovun kürək nahiyəsinə 1 ədəd həyati təhlükə sayılan zərbə endirib. Nəticədə Bəhruz Məmmədov kəskin daxili qanitirmədən ölüb.
Bakı Şəhər Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.