...

Belarus yüngül sənaye sahəsində Azərbaycanla ticarət dövriyyəsini iki dəfə artırmağa ümid edir - "Belleqprom" rəhbəri (Özəl müsahibə)

İqtisadiyyat Materials 19 İyun 2025 09:32 (UTC +04:00)
Belarus yüngül sənaye sahəsində Azərbaycanla ticarət dövriyyəsini iki dəfə artırmağa ümid edir - "Belleqprom" rəhbəri (Özəl müsahibə)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Belarus yüngül sənaye sahəsində Azərbaycanla ticarət dövriyyəsini iki dəfə artırmağa ümid edir.

Bunu Trend-ə özəl müsahibəsində “Belleqprom” konserninin idarə heyətinin sədri Tatyana Luqina konsernin nümayəndə heyətinin Bakıda Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə keçirdiyi biznes-görüşlər çərçivəsində bildirib.

“Azərbaycan tərəfi ilə ölkələrimiz arasında yüngül sənaye sahəsində ticarət dövriyyəsini təhlil etdik. Yüngül sənaye müəssisələrinin ixracını şaxələndirərək bu bazarı 2025-ci ildə daha sistemli şəkildə işləməyi və məhsullarımızı marketinq alətləri vasitəsilə təşviq etməyi planlaşdırmışıq. Müəyyən uğurlara baxmayaraq, yüngül sənaye sahəsində təxminən 5 milyon dollar olan ticarət dövriyyəsi hələ də aşağı səviyyədədir və artım üçün böyük potensiala malikdir. Əlbəttə, ticarət dövriyyəsini minimum ikiqat artırmaq istərdik. Lakin əgər hər il 20–30 faiz artım olsa, bu da uğur sayılacaq. Biz daha sistemli və fəal şəkildə görüşməli, əməkdaşlıq etməli və məhsullarımızı təşviq etməliyik. Belarus yüngül sənayesinin bu bazarda layiqli şəkildə təmsil olunması üçün burada müxtəlif çeşidli Belarus məhsullarını bir məkanda təqdim edən ayrıca pərakəndə satış mağazaları açılmalıdır”, – deyə o bildirib.

T. Luqina vurğulayıb ki, Azərbaycan bazarı inkişaf edən bazardır və burada, ələlxüsus da, keyfiyyətli tekstil məhsullarına davamlı tələbat mövcuddur.

“Azərbaycan cəmiyyətinin ənənələrində çay süfrəsi, geniş ailə ilə görüşlər, ev rahatlığı xüsusi yer tutur. Məhz buna görə də bizim tekstil məhsullarımız həm keyfiyyət baxımından, həm də tələb baxımından bu gözləntilərə cavab verə və azərbaycanlı istehlakçılar arasında Belarus məhsullarına sədaqəti qazana və möhkəmləndirə bilər. Əsas diqqəti, təbii ki, kətan məhsullarına yönəldirik, çünki bu gün kətana bütün bazarlarda tələb var. Türkiyə, Hindistan, İtaliya, Fransa, Belçika kimi dünya brendləri də oxşar məhsullar təklif edir, lakin tamamilə fərqli qiymətlərlə. Bizim məhsullar isə rəqabətə davamlı qiymət üstünlüyünə malikdir. Ona görə də bazarda iştirak strategiyasını yenidən gözdən keçirməliyik: özümüzü daha cəsarətlə təqdim etməli, məhsullarımızı daha fəal şəkildə təşviq etməli və burada öz pərakəndə satış şəbəkəmizi inkişaf etdirməliyik”, – deyə “Belleqprom”un rəhbəri əlavə edib.

T. Luqinanın sözlərinə görə, bununla əlaqədar əsas məsələ kətan məhsulları mağazalarının və Bakıda kətan ticarət evinin açılması üçün birgə ticarət müəssisələri yaratmaq məqsədilə tərəfdaşların axtarışıdır.

“Bu, Belarus ev tekstilindən tutmuş geyimə qədər geniş çeşiddə kətan məhsulların burada təqdim olunmasına imkan verəcək. Biz hazırda bu istiqaməti fəal şəkildə işləyirik. İkinci mühüm istiqamət isə texniki tekstil məhsullarımızın, xüsusilə ‘Moqoteks’in məhsullarının təşviqidir. Əminik ki, bu məhsullar da Azərbaycan bazarında öz yerini tuta bilər. Biz artıq Azərbaycanda müxtəlif strukturlar üçün xüsusi geyim və xidmət forması istehsal edən bir sıra tikiş müəssisələri ilə uzunillik əməkdaşlıq təcrübəsinə malikik. Əfsuslar olsun ki, son illərdə bu əlaqələr müəyyən dərəcədə zəifləyib və kooperasiya əvvəlki qədər fəal deyil. Lakin biz bu əməkdaşlığı bərpa etmək və genişləndirmək niyyətindəyik – danışıqlar, işgüzar təmaslar və ən əsası, ölkələrimizin güclü tərəflərindən istifadə etməklə”, – deyə “Belleqprom”un idarə heyətinin sədri əlavə edib

Onun sözlərinə görə, məqsəd Azərbaycanın müxtəlif sahələri üçün geyim istehsalı da daxil olmaqla, davamlı əməkdaşlıq qurmaqdır.

“Söhbət Azərbaycanda Belarus parçasından istehsal edilə biləcək və məsələn, neft emalı müəssisələrində, orduda, gömrükdə və ya tikinti sahəsində istifadə oluna biləcək məhsullardan gedir. Bu gün biz bu məsələlərin bütün spektrini müzakirə etdik və artıq ilk addımları müəyyənləşdirmişik — həm niyyətlər baxımından, həm də mümkün əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində. Həmçinin bizim çini zavodumuzun məhsulları da təqdim olundu. Mən anlayıram ki, bu gün Azərbaycan yüksək turizm potensialına malik ölkədir. Burada işgüzar əlaqələr fəal inkişaf edir, çoxsaylı biznes görüşləri keçirilir. Ölkədə müasir və tarixi otellər, mehmanxanalar, sanatoriyalar çoxdur. Buna görə də restoran və yeməkxana qab-qacağı, həmçinin otel sektoru üçün tekstil də maraq doğurur və yüksək tələbatla qarşılanır. Biz bu istiqaməti də təqdim etdik”, – deyə Tatyana Luqina vurğulayıb.

O, “Belleqprom” konserni və “Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq haqqında memorandumun imzalandığını xatırladıb.

“Bu sənəd sənaye kooperasiyası, texnologiyaların mübadiləsi, birgə istehsal müəssisələrinin yaradılması və məhsulların hər iki ölkənin bazarlarında təşviqi üçün yeni imkanlar açır. Yəni, qeyd etdiyim kimi, assosiasiya müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələri birləşdirsə də, biz onun rəhbəri ilə razılığa gəldik ki, yaxın həftələrdə bu biznes icmasının tərkibindən yüngül sənaye sahəsinə aid müəssisələr həm ticarət, həm də istehsal yönümlü olanlar seçiləcək.

Söhbət dəridən, ayaqqabıdan, aksesuar məhsullarından, tekstildən, tikiş istehsalından, eləcə də geyim və ona uyğun məhsulların satışı ilə məşğul olan ticarət obyektlərindən gedir. Belə hədəfli yanaşma bizə daha konkret əməkdaşlıq qurmağa və əməkdaşlığın spesifik formatlarını işləməyə imkan verəcək”, – deyə “Belleqprom”un rəhbəri vurğulayıb.

O bildirib ki, danışıqların nəticəsi olaraq “Moqoteks” müəssisəsi ilə Bakı Tikiş Evi arasında parça tədarükünə dair müqavilə imzalanıb.

Sonda Tatyana Luqina bu ilin oktyabr ayının ilk on günü ərzində ənənəvi milli yüngül sənaye məhsulları sərgisinin keçiriləcəyini elan edib.

“O, Minskdə yenicə açılmış "Belaya Ekspo" beynəlxalq sərgi kompleksində baş tutacaq. Orada sərgilər üçün kifayət qədər geniş sahə mövcuddur və biz Azərbaycan yüngül sənaye nümayəndələrini – bəlkə də vahid stend formatında və ya digər formada görməkdən məmnun olarıq”, – deyə T. Luqina qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti