Bakı.Trend:
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Cəlilabad rayonunda Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd marşrutu üzrə avtomobil yollarının yenidən qurulmasına başlanılıb.
Trend Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, layihə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir və 7 mindən artıq əhalinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edir.
Uzunluğu 18 kilometr olan və uzun müddət təmir olunmadan istismarda olan bu yollar təbii amillərin təsiri nəticəsində yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən yolun əsaslı şəkildə yenidən qurulması zəruri hesab olunub. Yol 4-cü texniki dərəcəyə uyğun şəkildə təkmilləşdirilir. Genişliyi 10 metrədək artırılır ki, bu da 6 metr hərəkət hissəsini və hər iki tərəfdə 2 metr çiyin hissəsini əhatə edir.
"İnşaat Norma və Qaydaları”na uyğun olaraq yol boyu torpaq işləri, qazma və əks-dolğu işləri aparılır, suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri sahələrdə isə müxtəlif
diametrli yeni suötürücü borular quraşdırılır.
Layihənin 2,3 km-lik Zəhmətabad–Soltankənd hissəsində qeyd olunan işlər artıq yekunlaşıb. Hazırda həmin hissədə yol yatağının tikintisi işləri davam etdirilir.
Layihənin yekun mərhələsində yeni asfalt-beton örtüyünün döşənməsi, hərəkətin təhlükəsiz və səmərəli təşkili məqsədilə yol nişanlarının, siqnal dirəklərinin, kilometr göstəricilərinin və dayanacaqların quraşdırılması, eləcə də yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.