Bakı. Trend:
Bu gün Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə tərəfdaşlığı və “Baku ID” innovasiya festivalı çərçivəsində Gənclərin Süni İntellekt Forumu keçirilib.
Trend xəbər verir ki, forumun əsas məqsədi gəncləri süni intellekt sahəsində baş verən yeniliklərlə tanış etmək, onların bu sahəyə marağını artırmaq, karyera imkanlarını müzakirə etmək və gələcək əmək bazarına hazırlıqlı olmalarına dəstək olmaq olub.
Açılış mərasimində Millət vəkili Müşfiq Cəfərov, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktorunun müavini Yusif Vəliyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək, gənclərin texnologiya və süni intellekt sahəsində inkişafının önəmindən, bu sahədə dövlətimizin gənclər üçün yaratdığı imkanlardan söz açıblar.
200-dən çox gəncin iştirak etdiyi Forumda “Süni intellektin və texnologiyanın gənclərin karyera quruculuğunda rolu: mövcud imkanlar və çətinliklər” mövzusunda panel müzakirəsi keçirilib. Panel müzakirəsinə Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Aynurə Ələkbərli moderatorluq edib.
Panelin spikerləri sırasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ramil Cabbarov, “Technovate-Sabah Mələk İnvestorlar Klubu”nun icraçı direktoru Alya Abbaszadə, Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Orduxan Qəhrəmanzadə və “Süni İntellekt HUB”ın həmtəsisçisi Ləman Əliyeva yer alıb.
Müzakirələr zamanı iştirakçılar süni intellekt texnologiyalarının gənclər üçün təqdim etdiyi imkanlardan, bu sahədəki mövcud çağırışlardan və əmək bazarına təsirlərindən bəhs ediblər.
Tədbirin sonunda iştirakçılarla sual-cavab sessiyası təşkil olunacaq, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən sayca ikinci dəfə keçirilən Süni İntellekt Forumu gənclərin rəqəmsal texnologiyalar sahəsində bilik və bacarıqlarını artırmalarına, eyni zamanda bu sahədə əlaqələr quraraq şəbəkələşməsinə şərait yaradacaq.
Gənclər Fondunun İcraçı direktorunun müavini Yusif Vəliyev qeyd edib ki, süni intellekt texnologiyaları 180 milyona yaxın yeni iş yerinin yaranmasına gətirib çıxara bilər.
"Biz yalnız süni intellektdən istifadə etməməliyik, onun mərkəzində olmalıyıq. Gənclər süni intellekt texnologiyaları üzrə layihlərinə dəstəklə bağlı Gənclər Fonduna müraciət edə bilərlər.
Biz Gənclər Fondu olaraq hər zaman bu tip layihələrin dəstəklənməsinə, onlara qrantların ayrılmasına hazırıq. Bu gün bizim əsas prioritet sahələrimizdən biri bir sıra sahələrdə rəqəmsallaşmaya keçirilmədir", - o qeyd edib.
Y.Vəliyevin sözlərinə görə, süni intellekt texnologiyalarının tətbiqi məhsuldarlığa müsbət təsir göstərə bilər:
"Bəzən hesab edilir ki, süni intellekt insanların tənbəlləşməsinə gətirib çıxara bilər. Amma bunu da nəzərə almalıyıq ki, məhz bu texnologiyalar insanların saatlarla, günlərlə vaxt sərf etdiyi işi daha da asan və tez bir müddətə icra etməsinə səbəb olur. Eyni zamanda, bu, məhsuldarlığa da müsbət təsir göstərə bilər".
"Süni intellekt bizim rəqibimiz deyil. Bəzən bildirilir ki, süni intellekt bir çox sahələrdə insanların işini əlindən ala bilər. Amma nəzərə almaq lazımdır ki, süni intellekt, robototexnika, rəqəmsallaşma 70 milyona yaxın işi sıradan çıxaracaqsa, bundan 2-3 dəfə artıq yeni iş yerinin yaranmasına səbəb olacaq. Bu baxımdan, süni intellekt bizim rəqibimiz deyil, bu texnologiyalardan uzaq duranlar bizim rəqibimizdir", - deyə Y.Vəliyev vurğulayıb.