...

Azərbaycan və Avstriya arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Siyasət Materials 20 İyun 2025 18:48 (UTC +04:00)
Azərbaycan və Avstriya arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

20 iyun 2025-ci il tarixində Vyana şəhərində Azərbaycan Respublikası və Avstriya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Avstriya nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə direktoru Hannah Liko rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi sahədə əlaqələr müzakirə olunub, davamlı dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb.

Daha sonra, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.

Bununla yanaşı, humanitar minatəmizləmə sahəsində həyata keçirilən layihələr haqda danışılıb, bu və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün müvafiq müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin önəmi qeyd olunub.

Görüşdə post-münaqişə dövrü bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, qarşıya çıxan maneələr, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Sonda tərəflər arasında qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı F.Rzayev, həmçinin Avstriyanın digər rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də aparıcı araşdırma və beyin mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa formatında baş tutan müzakirələrdə iştirak edib.

Xəbər lenti

Xəbər lenti