Bakı. Trend:
İyunun 20-də Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 1 nömrəli Bakı Tibb Kollecinin tələbələrinin təntənəli “Məzun günü” tədbiri keçirilib. Tədbirdə tanınmış ictimai-siyasi xadimlər, səhiyyə işçiləri və digər qonaqlar iştirak ediblər.
Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Səhiyyə naziri Teymur Musayev məzunları əlamətdar gün münasibətilə təbrik edərək, onların Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynayacaqlarına inamını ifadə edib: “Bu gün gərgin zəhmətinizin, yuxusuz gecələrinizin və təhsilə olan sədaqətinizin nəticəsidir. Bu tarixdən etibarən siz Azərbaycanın sağlam gələcəyi naminə şərəfli və məsuliyyətli missiyaya başlayırsınız. Orta tibb işçiləri tibbi xidmətin əsas sütunudur və onların peşəkarlığı səhiyyəmizə ciddi töhfə verir.”
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyəyə göstərdiyi xüsusi qayğını vurğulayan nazir qeyd edib ki, aparılan islahatlar və infrastruktur yenilənməsi nəticəsində ölkədə tibbi xidmətlərin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib.
Teymur Musayev 1 nömrəli Bakı Tibb Kollecinin zəngin ənənələrə
və müasir inkişaf yoluna malik olduğunu diqqətə çatdırıb. O,
görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın bu təhsil
ocağındakı fəaliyyətini xüsusi qeyd edərək bildirib: “Zərifə
xanımın 1962–1969-cu illərdəki fəaliyyəti bu kollecin tədris
səviyyəsinin yüksəlməsində mühüm rol oynayıb.”
Daha sonra kollecin direktoru Nailə Əliyeva da məzunları təbrik
edərək, onların həm savadlı tibb işçisi, həm də məsuliyyətli
vətəndaş kimi formalaşmasının təməl hədəf olduğunu qeyd edib.
“İnanıram ki, məzunlarımız dövlətçiliyimizə və səhiyyəmizə
sədaqətlə xidmət göstərəcək, kollecin adını daim uca
tutacaqlar.”
Tədbirin sonunda məzunlar Hippokrat andı içərək, xalqa sədaqətlə
xidmət edəcəklərinə söz veriblər. Təhsildə fərqlənən tələbələrə
fəxri fərmanlar təqdim olunub.
Rəsmi hissədən sonra tədbir bədii proqramla davam edib.