Bakı. Trend:
Qazaxıstanda Mərkəzi Asiyanın ən güclü süperkompüterinin yaxın on gün ərzində istifadəyə verilməsi planlaşdırılır.
Trend xəbər verir ki, bu barədə “Kazakhtelecom” ASC-nin İdarə Heyətinin sədri, Qazaxıstanın rəqəmsal inkişaf üzrə keçmiş naziri Baqdat Musin öz Telegram kanalında məlumat paylaşıb.
“Dünən anbara baş çəkdik. Videokartlar artıq yerindədir. NVIDIA H200 bazasında qurulan süperkompüterimiz artıq ölkəyə gətirilib. Qısa müddətdə, təxminən 10 günə Almatıda “Kazakhtelecom”un məlumat mərkəzində quraşdırılıb istifadəyə veriləcək. Şişirtmədən deyirəm, bu, güclü cihazdır: 6,7 milyon CUDA nüvəsi, 1600 petaflops hesablama gücü və onlarla terabayt GPU yaddaşı,” – deyə Musin bildirib.
O qeyd edib ki, süperkompüter dövlət qurumları, milli şirkətlər və korporativ sifarişçilər üçün əlçatan olacaq. Onun sayəsində:
texnogen qəza və risklər hadisədən əvvəl proqnozlaşdırıla biləcək,
şəhər trafikinin təhlili və proqnozlaşdırılması mümkün olacaq,
həkimlərə böyük verilənlər bazası əsasında daha sürətli diaqnoz qoymaq imkanı veriləcək,
süni intellekt məhsulları, o cümlədən qazax dilini, tarixini və mədəniyyətini anlayan dil modelləri, xarici serverlərə bağlı olmadan yerli səviyyədə işlədilə biləcək.
Xatırladaq ki, Qazaxıstanın Rəqəmsal İnkişaf Nazirliyi hələ may ayında NVIDIA H200 qrafik çipləri əsasında qurulan süperkompüterin ölkəyə gətirildiyini açıqlamışdı. Cihazın nəzəri hesablama gücü təxminən 2 eksaflops təşkil edir. Daha sonra məlum olub ki, ABŞ-ın “Nvidia” şirkəti tərəfindən Qazaxıstana əlavə olaraq 56,4 petaflops gücündə ikinci süperkompüter də veriləcək.