Bakı. Trend:
"Baku Crystal Hall"da keçiriləcək “UFC Fight Night” turniri ilə əlaqədar olaraq Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək.
Trend xəbər verir ki, iyunun 21-dən 22-nə keçən gecə metro stansiyalarının iş saatı 2 saat uzadılacaq. Bütün stansiyaların girişləri saat 02:00-dək açıq saxlanılacaq ki, tədbir iştirakçıları rahat şəkildə mənzil başına çata bilsinlər.
Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə “Baku Crystal Hall”a yaxın yerləşən “Sahil” və “İçərişəhər” stansiyalarında əlavə hazırlıqlar görüləcək.
Qeyd edək ki, UFC gecəsinin əsas qarşılaşması keçmiş yarım ağır çəki çempionu Camaal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Gecənin ikinci ən vacib döyüşündə isə Azərbaycanlı Rafael Fiziyev ilə çilili İqnacio Baxamondes yüngül çəki üzrə üz-üzə gələcəklər.
Bundan əlavə, Azərbaycanın digər təmsilçiləri Nazim Sadıxov braziliyalı Nikolas Motta, Tofiq Musayev isə qırğızıstanlı Mıqtıbek Orolbay ilə döyüşəcək.