Bakı. Trend:
Ötən gün axşam saatlarında Şirvanda “Mercedes” markalı 90 JT 063 nömrəli yük avtomobilinin sürücüsü dəmir yolu ötücüsünə yaxınlaşarkən hündürlüyün məhdudlaşdırılması ilə bağlı yol nişanının tələblərinə məhəl qoymayaraq hərəkətini davam etdirib.
Trend bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.
Bildirilib ki, nəticədə yük avtomobili yol ötürücüsündə aşırımlara ilişərək qalıb.
"Hadisə nəticəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib. Qeyd edilən ərazidə yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb. Qatarların hərəkətinin bərpası istiqamətində tədbirlər görülür", - deyə məlumatda qeyd olunub.