Ağdam. Trend:
Azərbaycandankı diplomatik korpusun üzvlərinin Şərqi Zəngəzur və Qarabağa səfəri Laçın hava limanında başlayıb Ağdam dəmiryol vağzalında başa çatdı.
Trend-in yerli müxbiri xəbər verir ki, səfər iştirakçıarı Ağdamda həyata keçirilən tikinti-quruculuq işləri ilə tanış olublar. Onlara Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərində həyata keçirilən quruculuq işləri barədə geniş məlumat verib.
Sonra nümayəndə heyəti əvvəlcə Ağdam Muğam Mərkəzi ilə tanış olub. Bildirilib ki, Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub və 2025-ci ilin mayın 10-da istifadəyə verilib.
Mərkəzdə kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 474 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb. Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib. Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.
Diplomatik korpus üzvləri və hərbi nümayəndələr daha sonra Ağdam şəhərindəki İmarət kompleksi ilə tanış olublar. Məlumat verilib ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. İşğal dövründə digər tarixi-mədəni və dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb.
Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, görkəmli şair, rəssam Xurşidbanu Natəvanın məzarları İmarət kompleksində yerləşir. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də buradakı qəbiristanlıqda dəfn ediliblər. Ağdam şəhəri işğal edildikdən sonra qəbiristanlıq erməni vandalizminin qurbanı olub. İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də dağıdılıb.
Diqqətə çatdırılıb ki, işğaldan azad edildikdən sonra Ağdam İmarət Kompleksində restavrasiya və arxeoloji tədqiqat işləri həyata keçirilib. İmarət kompleksi mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililər, türbələr, Qarabağ atlarının nümayiş olunması üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir. Kompleks nəinki Qarabağın, eləcə də Azərbaycanın mühüm turizm və mədəniyyət mərkəzlərindən biridir.
Diplomatik korpusun nümayəndələri Ağdam Sənaye Parkı ilə də tanış olublar. Bildirilib ki, Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər. Sənaye Parkında hazırda investisiya porfeli 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Parkın artıq 70 fazidən çox hissəsi sahibkarların istifadəsinə verilib.
“Mister Decor” MMC-nin divar kağızları istehsalı zavoduna gələn
nümayəndə heyətinə bildirilib ki, un fəaliyyəti ilə investisiya
həcmi 8 milyon manat olan müəssisə Cənubi Qafqazda divar
kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. Müəssisə il
ərzində 2,1 milyon ədəd rulon divar kağızı istehsal etmək
gücündədir. Artıq müəssisədə istehsal olunan divar kağızlarının
xaricə ixracına başlanılıb.
Diplomatik korpusun nümayəndələri “Eel Electric” Məhdud
Məsuliyyətli Cəmiyyətinin (MMC) elektrik paylayıcı avadanlıqların,
elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı
zavodunun fəaliyyəti ilə tanış olublar.
Diplomatik korpusun nümayəndələrinin iyunun 20-də Şərqi Zəngəzur və Qarabağa Laçın Beynəlxalq Hava Limanından başlayan səfəri Ağdam dəmir yolu vağzalında başa çatıb. Nümayəndə heyətinə bildirilib ki, Prezident İlham Əliyev ötən ayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verir.
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgədə ictimai
nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, rayonun
sosial-iqtisadi dirçəlişinə və regionlararası əlaqələrin
genişlənməsinə mühüm töhfə verəcək, öz ata-baba yurdlarına qayıdan
soydaşlarımızın digər şəhər və rayonlara rahat şəkildə səfər
etməsində böyük rol oynayacaq, ümumilikdə Azərbaycanın nəqliyyat
potensialının genişlənməsinə xidmət edəcək.
Diplomatlar Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə gələrək,
buradan sürət qatarı ilə Bakıya doğru yola düşüblər.