Bakı. Trend:
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Biləsuvar və Salyan rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Trend xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.
Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində, Nizami rayonu 2527-ci məhəllədə, “Qismət-M House” MTK tərəfindən təmir-bərpa işləri aparılan sahədə ağacların kəsilməsi müəyyənləşdirilib.
Biləsuvar rayonu ərazisində və Salyan rayonunun Sarvan kəndində də ağac və kolların qanunsuz kəsilməsi aşkar edilib. Faktlarla bağlı yaşıllıqlara ümumilikdə 158 970 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.