Bakı. Trend:
"Steam" platforması eyni vaxtda istifadə edən istifadəçilərin sayına görə yeni tarixi maksimum qeydə alıb.
Trend xəbər verir ki, bu barədə "DTF" portalı məlumat yayıb.
11 yanvar tarixində platformanın onlayn istifadəçi sayı 42 milyon nəfəri keçib ki, bu da "Steam"in bütün fəaliyyəti dövründə ən yüksək göstərici olub.
"SteamDB" məlumatlarına görə, eyni vaxtda onlayn olan istifadəçilərin maksimal sayı 42.042.778 nəfər təşkil edib. Onlardan təxminən 13,3 milyonu aktiv şəkildə oyun oynayıb, qalan istifadəçilər isə müştəridən mağaza, sosial funksiyalar və digər xidmətlər üçün yararlanıblar.
Qeyd edək ki, əvvəlki rekord 5 yanvar tarixində, eyni vaxtda onlayn olan istifadəçilərin sayı 41,8 milyona çatanda qeydə alınmışdı. Müqayisə üçün bildirək ki, "Steam"in 2025-ci ilin yanvar ayında qeydə alınan ən yüksək göstəricisi 39,3 milyon olub ki, bu da platformanın auditoriyasının davamlı şəkildə artdığını göstərir.
"Steam" "Valve" şirkəti tərəfindən hazırlanmış və dəstəklənən, kompüter oyunları və proqram təminatının rəqəmsal yayımı üçün nəzərdə tutulmuş onlayn xidmətdir. Platforma eyni zamanda oyunçular üçün sosial şəbəkə, forum və digər interaktiv imkanlar da təqdim edir. "Steam" 12 sentyabr 2003-cü ildə istifadəyə verilib və ilk yayımlanan oyunu "Counter-Strike 1.6" olub.
