Bakı. Trend:
İsrailin Baş naziri Benyamin Netanyahu və ölkədə səfərdə olan Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt kibertehlükəsizlik, terrorizmlə mübarizə və qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsinə dair bəyannamə imzalayıblar.
Trend xəbər verir ki, bu barədə İsrail hökumət başçısının dəftərxanasının mətbuat xidməti məlumat yayıb.
Bəyannamə “Berlin ilə dərin əməkdaşlığı” təsbit edir və təhlükəsizlik sahəsində mövcud öhdəliklərin praktiki birgə fəaliyyətə çevrilməsinə yönəlib. Sənəddə kiberhücumlar və beynəlxalq terrorizm də daxil olmaqla, müasir təhdidlərlə mübarizəyə xüsusi diqqət yetirilir.
Sənəddə həmçinin qeyd olunur ki, İran və onun dəstəklədiyi strukturlar regional sabitlik və beynəlxalq təhlükəsizlik üçün təhdid yaradır.
Bundan əlavə, Almaniyanın İsrail qarşısında tarixi məsuliyyəti xüsusi vurğulanır. İsrail tərəfinin bildirdiyinə görə, bəyannamə Berlinin Holokost xatirəsinin qorunmasına, o cümlədən “Yad Vaşem” memorial kompleksi ilə əməkdaşlığa sadiqliyini əks etdirir.
