Bakı. Trend:
Bu mənim Şuşa şəhərinə ikinci səfərimdir və bu şəhərin necə tez inkişaf etməyini görürəm.
Trend xəbər verir ki, bunu bu gün İordaniyanın Azərbaycandakı səfiri Ömər Əl-Nahar Qarabğda səfəri çərçivəsində jurnalistlərə deyib.
Səfir qeyd edib ki, burada həm gözəlliyi seyr etmək, həm mədəniyyəti duymaq, həm musiqini dinləmək mümkündür ki, bütün bunlar Şuşa şəhərini unikal bir şəhərə çevirir. O eyni zamanda, növbəti səfərlərində daha böyük uğurların şahidi olacağına ümidvar olduğunu qeyd edib.
“İnsanların məmnuniyyətlə Şuşaya köçməsi məni sevindirir. Əvvəlki səfərimdən bu yana şəhərin əhalisi artıq artıb və əminəm ki, gələcəkdə bu artım davam edəcək,” – deyə Ömər Əl-Nahar bildirib.
Qeyd edək ki, dünəndən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Laçın rayonuna səfəri başlayıb. Səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər də daxil olmaqla ümumilikdə 100-ə yaxın diplomat iştirak edir.
Səfər çərçivəsində nümayəndələr “Hoçazfilm” kinostudiyasını və “Yurd” qalereyasını ziyarət ediblər. Kinostudiyada qonaqlara filmlərdə istifadə olunan müxtəlif maketlər təqdim olunub.
“Yurd” qalereyasında isə qonaqlara Qarabağ xalçaları nümayiş olunub. Xüsusilə Laçında toxunan xalçalar böyük maraq doğurub. Qonaqlara xalçaçılıq prosesi, o cümlədən ilmələrin necə atıldığı əyani şəkildə göstərilib.
İyunun 21-də diplomatik korpusun nümayəndələri Şuşa və Ağdam şəhərlərinə yola düşəcəklər.