Bakı. Trend:
Bu ilin birinci rübündə Qazaxıstanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 5,871 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 4,365 milyon ABŞ dolları və ya 3,9 dəfə artıb.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində İQazaxıstandan yatırılan investisiyaların payı 0,4% təşkil edib.
Öz növbəsində, Azərbaycan 2025-ci ilin ilk rübündə Qazaxıstan iqtisadiyyatına 2,779 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 145 min ABŞ dolları və ya 5% azdır.
Birbaşa xarici investisiyaların ümumi həcmində Qazaxıstana həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,9% təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Qazaxıstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 1,506 milyon ABŞ dolları, Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 2,924 milyon ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,519 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artım deməkdir.
Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya 4,6% azdır.