...

Vitse-spikerdən deputata cavab: Naxçıvanın muxtariyyəti müzakirə predmeti deyil – Parlamentdə gərginlik

Siyasət Materials 21 İyun 2025 12:12 (UTC +04:00)
Vitse-spikerdən deputata cavab: Naxçıvanın muxtariyyəti müzakirə predmeti deyil – Parlamentdə gərginlik
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanın muxtariyyətinin ləğv edilməsi müzakirə predmeti deyil.

Trend xəbər verir ki, bu fikri Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında deputat Qüdət Həsənquliyevin təklifinə cavab olaraq səsləndirib.

Belə ki, deputat Q.Həsənquliyev “Müdafiə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanununun layihəsinin müzakirəsi zamanı Naxçıvanın muxtariyyətinin ləğv edilməsi məsələsinə baxılmasını gündəmə gətirib.

Z.Əsgərov isə ona cavabında deputatın daha əvvəl də eyni məsələ ətrafında çıxış etdiyini xatırladıb:

“Siz həmişə Naxçıvanın muxtariyyətinin ləğvini tələb etmisiniz, mən isə hər zaman Naxçıvanın muxtariyyətini müdafiə etmişəm. Siz bu məsələni dəfələrlə qaldırmısınız. Naxçıvanın muxtariyyəti müzakirə predmeti deyil. 1992-ci ildə siz hakimiyyətdə olanda bu məsələni qaldırdınız. Nə baş verdi? Allah üzümüzə baxdı ki, Ümummilli lider Heydər Əliyev gəldi və Naxçıvanda Ali Məclisin sədri oldu. Olmasaydı, nə olacaqdı?! Naxçıvan MR-ə muxtariyyət statusunun verilməsi məhz Ulu öndər Heydər Əliyevin ustalığı nəticəsində baş verdi, Naxçıvanın ərazisinin itirilməsinin qarşısı alındı.

Təsəvvür edin, bir dənə Sədərək rayonu İran, Ermənistan və az qismi Türkiyə ilə həmsərhəddir. Biz bu muxtariyyəti ləğv edək, bu əraziləri kimlərin ağuşuna ataq? Başa düşürəm, deputat dediyi sözə görə məsuliyyət daşımır, amma gəlin bir az məsuliyyətli olaq. Bir də bu məsələ çox təkrar olunur ki, Azərbaycan unitar dövlətdir və onun tərkibində muxtariyyət ola bilməz. Bu qətiyyən yalnış fikirdir. Unitarlıq muxtariyyətin mövcud olması ilə bağlı deyil”, - deyə Z.Əsgərov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti