Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyalarının çağırılması qaydaları dəyişir.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, Naxçıvan MR-in Ali Məclisi hər il iki növbəti sessiyaya yığılır. Naxçıvan MR Ali Məclisinin 31 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Naxçıvan MR Ali Məclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.
Naxçıvan MR Ali Məclisinin növbədənkənar sessiyaları Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən, Naxçıvan MR Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya öz təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisinin sədri tərəfindən çağırılır.
Naxçıvan MR Ali Məclisinin 31 deputatının tələbi ilə və ya Naxçıvan MR Ali vəzifəli şəxsinin təklifi ilə Naxçıvan MR Ali Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər.
Təklif edilən dəyişikliyə görə, Naxçıvan MR-in Ali Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılacaq. Naxçıvan MR Ali Məclisinə seçkilərdən sonra martın 10-dək onun 31 deputatının sәlahiyyәtlәri təsdiq edilməzsə, Naxçıvan MR Ali Məclisinin ilk iclasının keçirilmə vaxtını Naxçıvan MR-in Ali Məhkəməsi müəyyən edəcək.
Həmçinin Naxçıvan MR Ali Məclisinin növbədənkənar sessiyalarını Naxçıvan MR Ali Məclisinin sədri Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və ya Naxçıvan MR Ali Məclisinin 16 deputatının tələbi əsasında çağıracaq.
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin təklifi ilə Naxçıvan MR Ali Məclisinin sessiyasının qapalı iclasının keçirilə biləcək.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.