Bakı. Trend:
İtaliyanın Xarici İşlər Nazirliyi davam edən təxliyə əməliyyatları çərçivəsində italiyalı vətəndaşlar və onların ailələrindən ibarət ikinci qrupun İranı tərk etdiyini və Azərbaycana gəldiyini təsdiqləyib.
Trend xəbər verir ki, şənbə günü yayımlanan bəyanatda qeyd olunur ki, xarici işlər naziri Antonio Tayaninin tapşırığı ilə yeni konvoy üçün dəstək təşkil olunub. Səhər tezdən Tehrandan yola düşən konvoy Astara şəhərinə çatıb.
24 nəfərdən ibarət qrupu bütün səfər ərzində İtaliyanın Tehrandakı səfirliyinin əməkdaşları müşayiət ediblər. Daha sonra onları Bakıda İtaliya səfirliyinin nümayəndələri qarşılayıblar.
Təxliyənin bu mərhələsi həftənin əvvəlində 34 nəfərin Bakı vasitəsilə İtaliyaya çatdırıldığı əvvəlki əməliyyatın davamıdır.
Nazirlikdən bildirilib ki, vəziyyətin gedişindən asılı olaraq növbəti konvoyun gələn bazar ertəsi Tehrandan yola düşəcəyi istisna edilmir.