Bakı. Trend:
Vahid xəzinə hesabının sərbəst qalığının istifadə istiqamətləri müəyyənləşdirilir.
Trend-in xəbərinə görə, bu məsələ Milli Məclisin iyunun 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, vahid xəzinə hesabının sərbəst qalığı aşağıdakı istiqamətlərə yönəldiləcək:
- bu Qanunun 15.4-cü maddəsi tətbiq edildiyi halda müdafiə olunan xərc maddələrinin maliyyələşdirilməsinə;
- dövlət büdcəsi kəsirinin onun daxilində aşağıdakı xərclərin
(fərqin) maliyyələşdirilməsinə:
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsi hesabına yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar xərcləri;
- Dövlət Əməyin Mühafizəsi Fondunun ilin sonuna qalan istifadə olunmamış vəsaiti hesabına onların xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda);
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən mənzillərin satışından əldə olunan və ilin sonuna qalan xərclənməmiş vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda). - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmış məbləğdə Dövlət borcu və zəmanəti üzrə Təminat Fondunun vəsaitlərinin artırılmasına.
Müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə VƏ yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət, həmçinin, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fonduna yönəldilərək il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə biləcək.