Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətləri artırılır.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, sədrə aşağıdakı səlahiyyətlər veriləcək:
- Naxçıvan MR Ali Məclisinə seçkilərin təyin edilməsi üçün Azərbaycan Prezidentinə təkliflər verir;
- Naxçıvan MR-in dövlət və ictimai siyasi həyatının mühüm məsələləri barədə Naxçıvan MR Ali Məclisinə məlumat verir;
- Naxçıvan MR-i xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla, habelə başqa fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil edir;
- Naxçıvan MR-də yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;
- Naxçıvan MR-in dövlət orqanlarında qulluq (xidmət) keçən şəxslərə ixtisas dərəcələrinin və ali xüsusi rütbələrin verilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
- Naxçıvan MR-in dövlət təltifləri ilə təltif edir, Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilmə haqqında Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.