Bakı. Trend:
Bakı şəhəri və onun qəsəbələrində, xüsusilə payız-qış mövsümündə vətəndaşların gediş-gəlişində yaranan çətinliklərin aradan qaldırılması məqsədilə kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər Xəzər rayonunu da əhatə edir.
Trend xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, hazırda rayonun Binə qəsəbəsində yerləşən 183-cü Binə küçəsində təmir-bərpa işləri davam etdirilir.
Sözügedən küçənin uzunluğu 1700 metr, orta eni isə 6 metr təşkil edir.
Yenidənqurma işləri çərçivəsində zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb
Hazırda ərazidə asfalt-beton örtüyünün döşənməsi işləri yekun mərhələdədir.
Qeyd edilib ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binə qəsəbəsində yerləşən 137-ci Binə küçəsində də təmir işlərinin aparılması nəzərdə tutulur.