...

Ali Məclisin buraxılması qaydası müəyyənləşir

Cəmiyyət Materials 21 İyun 2025 12:15 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması qaydası müəyyənləşir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Naxçıvan MR Ali Məclisi 31 deputatın tələbi ilə Naxçıvan MR Ali Məclisi tərəfindən və ya Konstitusiyanın müvafiq maddələrində (26-cı maddənin II–V hissələri və və 27-ci maddə) göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılacaq.

Həmçinin növbədənkənar seçkilərdə seçilən Naxçıvan MR Ali Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu halda Naxçıvan MR-in Ali Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Naxçıvan MR Ali Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçiriləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məlumat üçün bildirək ki, Konstitusiyanın 26-cı maddəsinin II-V hissələri aşağıdakılardır:

  • Naxçıvan MR Baş nazirinin, Naxçıvan MR Ali Məhkəməsinin və Naxçıvan MR Prokurorluğunun qanunvericilik təşəbbüsü qaydasında Naxçıvan MR Ali Məclisinin müzakirəsinə verdiyi qanun və qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur;
  • Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən orqanın razılığı ilə edilə bilər;
  • Naxçıvan MR Ali Məclisi deputatlarının Naxçıvan MR Baş nazirinin, Naxçıvan MR Ali Məhkəməsinin və Naxçıvan MR Prokurorluğunun Naxçıvan MR-in Ali Məclisinə təqdim etdiyi qanun və qərar layihələri iki ay ərzində səsə qoyulur.;
  • Qanun və qərar layihəsini Naxçıvan MR Ali Məclisinin deputatları, Naxçıvan MR-in Baş naziri, Naxçıvan MR Ali Məhkəməsi və Naxçıvan MR-in Prokurorluğu təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.

Bundan əlavə, 27-ci maddədə bildirilib ki, qanunlar və qərarlar qəbul edildiyi gündən 10 gün müddətində Naxçıvan MR Ali Məclisinin sədri tərəfindən imzalanır. Təcili elan olunan qanun və qərar layihəsi Naxçıvan MR Ali Məclisinin sədri tərəfindən qəbul edildiyi gündən 24 saat ərzində imzalanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti