Bakı. Trend:
İyunun 13-dən başlayaraq bu gün səhərədək İsrailin İrana hərbi hava hücumları nəticəsində ölənlərin sayı 400 nəfəri keçib.
Trend-in məlumatına görə, bununla əlaqədar İranın Səhiyyə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hüseyn Kermanpur özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Onun sözlərinə görə, hərbi hava hücumları nəticəsində 3 056 nəfər yaralanıb. Hücumlarda yaralananlardan 2 220 nəfəri xəstəxanalarda müalicə alıb, 232 nəfərə isə ambulator xidmət göstərilib.
Kermanpur əlavə edib ki, ölənlərdən 54 nəfəri uşaq və qadın, 5 nəfəri isə tibbi personal olub.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.