...

"Alphabet" "Apple"ı geridə qoyaraq dünyanın ikinci ən dəyərli şirkəti olub

Dünya xəbərləri Materials 10 Yanvar 2026 06:30 (UTC +04:00)
"Alphabet" "Apple"ı geridə qoyaraq dünyanın ikinci ən dəyərli şirkəti olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Google"ın ana şirkəti "Alphabet" 2019-cu ildən bəri ilk dəfə bazar kapitallaşmasına görə "Apple"ı keçərək "Nvidia"dan sonra dünyanın ikinci ən dəyərli şirkəti olub.

Trend xəbər verir ki, bu barədə "Yahoo Finance" məlumat yayıb.

Ticarətin bağlanışına olan məlumata görə, "Alphabet"in bazar kapitallaşması 3,94 trilyon dollara, "Apple"ın bazar dəyəri isə 3,84 trilyon dollara çatıb. Bu artım əsasən "Google"ın süni intellekt strategiyasının bazar tərəfindən müsbət qarşılanması ilə əlaqələndirilir. "Apple" isə bu sahədə rəqiblərindən geri qalmaqda davam edir.

Qeyd olunur ki, "Alphabet"in səhmləri 2025-ci ildə 65 faiz artaraq “Möhtəşəm yeddilik” adlandırılan şirkətlər qrupundakı digər nəhəngləri geridə qoyub. Bu yüksəliş "Google"ın süni intellekt sahəsində mövqelərinin güclənməsi ilə izah olunur. Belə ki, "Gemini 3" modeli əsas etalon göstəricilər üzrə rəqiblərini üstələyib, şirkətin öz süni intellekt çipləri isə "Nvidia" məhsullarına alternativ kimi təqdim olunaraq "Meta" və "Anthropic" kimi müştəriləri cəlb edib.

Bu arada, "Apple" hələlik irəliləyişli süni intellekt həlləri təqdim etməyib. İnvestorlar şirkətin "Siri" səs köməkçisinin yenilənməsini gözləyirlər.

Bununla belə, "Alphabet"in bazar kapitallaşması hələ də təxminən 4,5 trilyon dollar dəyərində qiymətləndirilən "Nvidia"dan geri qalır.

"Bernstein" analitiki Steysi Rasqonun sözlərinə görə, “Gemini"nin uğuru mühümdür, lakin hazırda əsas diqqət modelin texniki göstəricilərindən daha çox onun məhsul kimi qəbuluna və gəlir gətirmə potensialına yönəlib”.

Xəbər lenti

Xəbər lenti