Bakı. Trend:
Venesuela və ABŞ iki ölkə arasında səfirliklərin açılması imkanlarını araşdırır.
Trend xəbər verir ki, bunu Venesuelanın vitse-prezidenti Delsi Rodriqes “Venezolana de Televisión” kanalına müsahibəsində bildirib.
Rodriqes Venesuelanın Xarici İşlər Nazirliyinin daha əvvəl yaydığı bəyanata istinad edərək bildirib ki, “Venesuela və ABŞ iki ölkə arasında səfirliklərin açılması imkanlarını araşdırır”. O vurğulayıb ki, ölkə Bolivar sülh diplomatiyasına sadiq qalaraq Venesuelanın müstəqilliyini, sabitliyini, suverenliyini və sülhünü qoruyacaq.
Vitse-prezident əlavə edib ki, respublika “Venesuela Prezidenti Nikolas Maduronun və Birinci xanım Siliya Floresin geri qayıtmasını təmin edəcək bir yol seçib” və bu yolu strateji səbir, qətiyyət, sonsuz sədaqət və xalqına dərin sevgi ilə davam etdirir.
Qeyd edək ki, Venesuela 2019-cu ilin yanvarında ABŞ ilə diplomatik əlaqələri kəsmişdi.
