Bakı. Trend:
İran hökuməti vətəndaşların dəstəyi ilə mövcud nigaranlıq və iqtisadi problemləri həll etməyə çalışır.
Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezşekian bu gün İran vətəndaşlarına müraciətində bildirib.
Onun sözlərinə görə, ilk mərhələdə ölkə bazarlarında mövcud olan çatışmazlıq və bir növ aclıq yaratmağa çalışırdılar. Çünki mövcud tələb və təklif arasında uyğunluq yox idi. Hazırda bu problem aradan qaldırılıb.
Pezeşkian bildirib ki, hökumət vətəndaşlara bu vədi verə bilər ki, vətəndaşların məişət durumuna lazım olan məhsulların təmin olunmasında heç bir problem yaranmayacaq. İran hökuməti vəd edir ki, iqtisadiyyatla əlaqədar vətəndaşlar, istehsalçılar və iş adamları ilə birlikdə problemləri aradan qaldırmaq mümkündür.
“Hazırda 5-6 ildən çoxdur ki, ölkədə 40%, 50%-lik inflyasiya var. Bu ildə də inflyasiya həmin səviyyədə olacaq. Gələn ildə də inflyasiya və bir sıra problemlər mövcud olacaq. Amma önəmli olan budur ki, hökumət iqtisadi çətinliklərin aradan qaldırılması istiqamətində proqramlar hazırlayır”, -deyə o qeyd edib.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.
