...

Qərəzli beynəlxalq institutlardan imtina: qlobal tendensiya və Azərbaycanın qabaqlayıcı addımları – ŞƏRH

Siyasət Materials 10 Yanvar 2026 13:30 (UTC +04:00)
Qərəzli beynəlxalq institutlardan imtina: qlobal tendensiya və Azərbaycanın qabaqlayıcı addımları – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın onlarla beynəlxalq agentlikdə üzvlüyün dayandırıldığını elan etməsi səbəbsiz deyil. Bu təşkilatların siyahısına diqqət yetirsək, dünyanın ən nəhəng təşkilatı olan BMT və onun çoxsaylı alt qurumları artıq heç bir təsir gücü olmayan, missiyalarını itirmiş struktura çevriliblər.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Könül Nurullayeva deyib.

Millət vəkilinin sözlərinə görə, keçmiş geosiyasi reallıqlar məqsədilə yaradılmış BMT müasir çağırışlara cavab vermir, bu təşkilatın artıq çevik və effektiv qərar mexanizmi də yoxdur:

“Elə bir reallıq yaranıb ki, münaqişələrin qarşısının alınması, humanitar böhranların aradan qaldırılması, inkişaf proqramlarının real nəticələr verməsi istiqamətində ciddi nəticələr yoxdur. Bu səbəbdən böyük dövlətlər sözügedən strukturları faydasız yük kimi qiymətləndirir”.

Deputat bildirib ki, ABŞ-nin əməkdaşlığı dayandırmağa hazırlaşdığı təşkilatlardan biri olan Avropa Şurasının Venesiya Komissiyası da daha çox qərəzli şəkildə dövlətlərin daxili işlərinə müdaxilə edən qurum kimi nüfuzunu itirib:

“Azərbaycan artıq 2014-2015-ci illərdə ATƏT-in Bakı ofisini səmərəsiz və qərəzli fəaliyyətinə görə bağlayıb. 2025-ci ildə isə ölkəmiz bir sıra qeyri-effektiv beynəlxalq təşkilatlarla əməkdaşlığa yenidən baxaraq BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və UNDP kimi qurumların Bakıdakı ofislərinin fəaliyyətini dayandırdı. Bu qərarlar milli maraqlara əsaslanan praqmatik yanaşmanın məhsuludur”.

K.Nurullayeva vurğulayıb ki, ABŞ-nin bu gün atdığı addımlar Azərbaycanın illər əvvəl gəldiyi nəticələri təsdiqləyir. Beynəlxalq təşkilatlar dövlətlərin suverenliyinə hörmət etmədikdə, siyasi alətə çevrildikdə və real nəticə vermədikdə onlardan imtina qaçılmaz olur.

“Prezident İlham Əliyevin media ilə son görüşündə səsləndirdiyi fikirlər də məhz bu reallığı əks etdirirdi. Dövlət başçısı açıq şəkildə beynəlxalq hüququn və beynəlxalq təşkilatların faktiki olaraq iflic vəziyyətində olduğunu, dünyada “güclünün haqlı olması” prinsipinin hökm sürdüyünü vurğuladı. Azərbaycan bu reallığı illər əvvəl düzgün qiymətləndirərək öz siyasətini milli maraqlar üzərində qurub. Bugünkü hadisələr isə göstərir ki, bu yanaşma təkcə Azərbaycanın deyil, artıq qlobal miqyasda qəbul edilən yeni siyasi reallıqdır”, - deyə o qeyd edib.

Milli Məclisin deputatı, Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Günay Ağamalı isə Trend-ə açıqlamasında deyib ki, ABŞ liderinin bir sıra beynəlxalq təşkilat və agentliklərdə üzvlüyün dayandırıldığını elan etməsi təsadüfi addım deyil. Bu qərar əslində müasir beynəlxalq münasibətlər sistemində dərinləşən çoxtərəfli diplomatiya böhranının açıq etirafıdır:

“Məsələni sadələşdirib “ABŞ beynəlxalq təşkilatlardan uzaqlaşır” kimi təqdim etmək doğru olmaz. Əksinə, bu prosesin kökündə həmin qurumların özlərinin zamanın çağırışlarına cavab verə bilməməsi, funksional baxımdan köhnəlməsi və effektivliyini itirməsi dayanır.

Bu gün reallıq ondan ibarətdir ki, bir çox beynəlxalq təşkilatlar artıq real problemlərin həlli ilə deyil, siyasi şablonlar, ikili standartlar və selektiv yanaşmalarla məşğuldur. BMT və onun alt qurumları uzun illərdir, ədalətsizliklərə, münaqişələrə, humanitar böhranlara təsir göstərə bilmir. Nəticədə bu institutlar beynəlxalq hüququn təminatçısı yox, onun formal atributuna çevrilib. ABŞ-nin sözügedən qurumlardan çıxmasını da məhz bu kontekstdə qiymətləndirmək lazımdır”.

Deputat vurğulayıb ki, bu baxımdan Azərbaycanın atdığı addımlar təsadüfi deyil, ardıcıl dövlət siyasətinin tərkib hissəsidir:

“2025-ci ildə Azərbaycan bir sıra qeyri-effektiv beynəlxalq təşkilatlarla əməkdaşlığın Bakıdakı formatına son qoydu. O cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və BMT-nin İnkişaf Proqramı (UNDP) kimi qurumların ofislərinin bağlanması həmin strukturların ölkəmizdə fayda verməməsi ilə bağlı idi. Azərbaycan suveren dövlət kimi öz daxili ehtiyaclarını, prioritetlərini və imkanlarını özü müəyyən edir və formal fəaliyyətdən başqa nəticə ortaya qoymayan qurumlara ehtiyac duymur”.

Millət vəkili bildirib ki, ABŞ-nin BMT-nin Əhali Fondundan çıxması və eyni zamanda Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlığı dayandırması da diqqətçəkən məqamdır:

“Xüsusilə Venesiya Komissiyası uzun illər ərzində bir çox ölkələrə, o cümlədən Azərbaycana qarşı “özündən razı” baxış sərgiləyərək seçki prosesləri adı altında daxili işlərə müdaxilə etməyə çalışıb. Bu cür yanaşmaların nə hüquqi, nə də siyasi legitimliyi var və artıq Qərbin özündə belə bu qurumların roluna yenidən baxılır.

Azərbaycan hələ 2014–2015-ci illərdə ATƏT-in Bakı ofisini səmərəsiz və qərəzli fəaliyyətinə görə bağlamışdı. Qərar milli maraqlara söykənən düşünülmüş addım idi. Sonrakı illər göstərdi ki, Azərbaycan bütün məsələlərdə olduğu kimi bu məsələ də haqlı idi. Bu gün baş verən qlobal proseslər də sübut edir ki, ölkəmizin beynəlxalq təşkilatlara münasibətdə strateji və prinsipialdır”.

G.Ağamalı əlavə edib ki, Prezident İlham Əliyevin media ilə son görüşündə səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət kəsb edir.

“Beynəlxalq hüquq mexanizmləri faktiki olaraq iflic vəziyyətindədir, beynəlxalq təşkilatlar real gücə malik deyil və dünyada artıq “haqlı olan yox, güclü olan” qaydası işləyir. Azərbaycan illər əvvəl bu reallığı bilərək öz təhlükəsizliyini, suverenliyini və inkişaf yolunu məhz öz gücünə və milli iradəsinə söykənərək qurub.

ABŞ, Azərbaycan və digər dövlətlərin oxşar addımlar atması onu göstərir ki, köhnə beynəlxalq sistem dağılır. Yeni dünya düzəni real gücə, peşəkar liderliyə və milli maraqlara əsaslanan dövlətlər tərəfindən formalaşdırılır. Ölkəmiz yeni mərhələyə hazırdır və beynəlxalq arenada güclü söz sahibidir”, - deyə o fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti