Bakı. Trend:
Avstraliyanın cənub-şərqində genişmiqyaslı meşə yanğınları ilə əlaqədar Viktoriya ştatında fövqəladə vəziyyət elan edilib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Həftənin əvvəlində başlayan yanğınlar indiyədək 300 min hektardan çox meşəlik ərazini əhatə edib. Rəsmilər 10 böyük meşə yanğınının hələ də nəzarət altına alınmadığını bildiriblər.
Ən ciddi yanğınlar əsasən az əhali yaşayan kənd ərazilərində qeydə alınıb. Melburndan təxminən 112 kilometr şimalda yerləşən Lonqvud şəhəri yaxınlığındakı sıx meşəlik ərazi ən çox zərər görən yerlərdən biridir. Burada yanğın 150 min hektar sahəni bürüyüb.
Fövqəladə Halların İdarə Edilməsi üzrə Komissar Tim Vibuş bildirib ki, ştat üzrə ən azı 130 obyekt, o cümlədən evlər, anbarlar və digər tikililər tamamilə məhv olub. Yanğınlar ştatda temperaturun 40 dərəcəni keçdiyi isti hava dalğası zamanı baş verib.
Ölkənin müxtəlif bölgələrindən yüzlərlə yanğınsöndürən alovun qarşısını almaq üçün cəlb olunub. Yanğınlar nəticəsində təxminən 38 min yaşayış evi və biznes obyektinin elektrik enerjisi kəsilib.
