Bakı. Trend:
Heç bir tərəfin başqalarının daxili məsələlərinə müdaxilə etmək haqqı yoxdur.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Tehranda Oman xarici işlər naziri Bədr Əlbusəidi ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, beynəlxalq hüquqda əsas prinsip ölkələrin müstəqil hakimiyyətidir.
Əraqçi bildirib ki, İran həmişə region ölkələri ilə münasibətlərini inkişaf etdirməyə hazır olub:
"İran Oman Krallığını ölkələr arasında vasitəçilik məqsədli konstruktiv rolunu alqışlayır. Xüsusilə son müzakirələrdəki rolunu qeyd etmək lazımdır. Təəssüf ki, bu müzakirələr müharibə ilə nəticələndi".
Əraqçi deyib ki, İran Omanla ikitərəfli münasibətlərə önəm verir. Bu istiqamətdə tezliklə Tehranda iki ölkənin birgə iqtisadi komissiyasının iclası keçiriləcək.
Oman xarici işlər naziri Bədr Əlbusəidi isə deyib ki, İran və Oman arasında müsbət münasibətlər mövcuddur və bu münasibətlərin daha da möhkəmlənəcəyinə ümid edilir. Onun sözlərinə görə, əməkdaşlıq üçün bütün region ölkələrinin iştirakı önəmlidir.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.
