Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı ildə Avropa Siyasi Birliyinin zirvə-toplantısında iştirak etməsi üçün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı Ermənistana dəvət etmək niyyətində olduğunu deyib.
Trend xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.
“Mən bu səfərə görə Türkiyə prezidentinə təşəkkür etməyə hazırlaşıram. Həmçinin onu 2026-cı ilin baharında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin zirvə-toplantısında iştiraka dəvət etməyə hazırlaşıram. Tarix hələ ki, müəyyənləşdirilməyib. Bu tədbir Ermənistanda, o cümlədən elə Türkiyənin vasitəçiliyi sayəsində keçiriləcək. Yəni, ümidvaram ki, bizim növbəti görüşümüz gələn il artıq Ermənistanda baş tutacaq”, - deyə Ermənistan baş naziri İstanbuldakı erməni icması qarşısında çıxışı zamanı deyib.
Özünün Türkiyəyə səfərinə gəlincə, Paşinyan hesab edir ki, bu səfərdən həddən artıq gözləntilər olmamalıdır. Bununla belə o, görüşün ilk dəfə bu formatda baş tutması faktının pozitiv bir hal olduğunu dilə gətirib.