...

Geri qaytarılmayan büdcə ssudaları Təminat Fondu hesabına bağlanılacaq

İqtisadiyyat Materials 21 İyun 2025 17:09 (UTC +04:00)
Geri qaytarılmayan büdcə ssudaları Təminat Fondu hesabına bağlanılacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılacaq.

Trend-in xəbərinə görə, bu məsələ Milli Məclisin iyunun 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Dövlət borcu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.13-cü maddəsinə uyğun olaraq dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə büdcə ili ərzində ən geci verildiyi büdcə ilinin sonunadək qaytarılmalı olan büdcə ssudaları ayrılır.

Mövcud qanunvericiliyə əsasən dövlət büdcəsindən ayrılmış büdcə ssudalarının vaxtında geri qaytarılması həmin ssudanı alan təşkilatların öhdəliyindədir. Lakin təcrübədə bu vəsaitlərin təşkilatlar tərəfindən geri qaytarılmasında bir sıra problemlər müşahidə olunmaqdadır.

Bununla əlaqədar büdcə ssudalarının vaxtında dövlət büdcəsinə geri qaytarılması mexanizminin formalaşdırılması məqsədilə "Dövlət borcu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu layihəsi hazırlanmışdır.

Layihədə dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılması (ödənilməsi) nəzərdə tutulur.

Qeyd olunan dəyişiklik Təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaqdır.

Eyni zamanda, layihədə "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinin hazırlanması ilə əlaqədar uyğunlaşdırılmaların aparılması məqsədilə Təminat Fondunun mənbələri ilə əlaqədar düzəliş təklif olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti