Bakı. Trend:
İsrailin İranın qərbinə endirdiyi aviazərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin 190-cı Bölüyünün başçısı Behna Şəhriyari öldürülüb.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Məlumata görə, Şəhriyari İranın ölkə xaricində dəstəklədiyi qruplaşmalara, o cümlədən Hizbullaha silah-sursatın ötürülməsinə cavabdeh olub.
IDF bildirir ki, iranlı zabit öz avtomobilini idarə edərkən dəqiq zərbə ilə öldürülüb.
İsrail Müdafiə Qüvvələri onu da qeyd edir ki, İsrail tərəfi Şəhriyarini 2009-cu ildən bəri zərərsizləşdirməyə çalışıb.
"Şəhriyari öz vəzifəsi çərçivəsində İran rejimindən Yaxın Şərqdəki proksi qruplaşmalara silahların ötürülməsinə tam cavabdehlik daşıyırdı və uzun illər ərzində müxtəlif terror təşkilatlarını silahlandırmaqla İranın İsrail dövlətini məhv etmə planını təşviq etməyə çalışıb," – İsrail Müdafiə Qüvvələri (IDF) qeyd edib.