Bakı. Trend:
Fəxr edirik ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu gündən-günə artır. Biz hər gün daha nüfuzlu bir ölkəyə çevrilirik.
Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, vətəndaş pasportları, diplomatik pasportlar və xidməti pasportlarla 7 ölkəni vizasız ziyarət etmək mümkün olacaq.
“Əlbəttə, beynəlxalq münasibətlər kontekstində milli pasportların dəyəri də çox önəmlidir. Çünki nüfuzlu pasport nüfuzlu ölkənin vətəndaşında olur. Və bu, nə qədər çox ölkəyə vizasız gedə bilirsinizsə, bir də o kriteriyalar üzrə qiymətləndirilir.
Beləliklə, bu gün bir anda 7 ölkə ilə bu və ya digər səviyyədə, müxtəlif pasportlarla vizasız gediş-gəliş hüququ əldə edirik. Bu, əlbəttə ki, mühüm bir hadisədir və Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir.
Bu hadisə Azərbaycanın hava nəqliyyatı sahəsində də yeni perspektivlər yaradacaq. Əgər əlaqələr dərinləşəcəksə, tələbə mübadiləsi, turizm və səfərlər artacaqsa, bu gün qəbul edəcəyimiz sənədlər eyni zamanda iqtisadi faktora çevriləcək. Bu da, təbii ki, milli mənafelər baxımından olduqca əhəmiyyətlidir”, - deyə deputat bildirib.
