...

Samirə Əfəndi Ermənistan nümayəndəsinə 12 bal verməsi ilə bağlı müzakirələrə cavab verib

Mədəniyyət Materials 25 Noyabr 2025 10:39 (UTC +04:00)
Samirə Əfəndi Ermənistan nümayəndəsinə 12 bal verməsi ilə bağlı müzakirələrə cavab verib

Bakı. Trend:

Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin finalında Azərbaycan təmsilçisi Samirə Əfəndinin Ermənistan nümayəndəsinə 12 bal verməsi və daha sonra həmin iştirakçının Efendiyə yaxınlaşıb onu qucaqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Trend xəbər verir ki, Samirə Əfendi və komandası mövzu ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, bu jest sırf münsiflik etikası, səhnə mədəniyyəti və insani münasibətlər çərçivəsində baş verib. Hadisənin milli-mənəvi dəyərlərimizə hörmətsizlik kimi təqdim olunması gerçəkliyi əks etdirmir:

"Samirə Əfəndi yaradıcılıq fəaliyyəti boyunca milli dəyərlərə bağlılığını daim nümayiş etdirib. Xatırlatmaq istərdik ki, 2023-cü ildə “Altın Kelebek” mükafatından əldə etdiyi bütün gəlir Azərbaycan şəhidlərinin övladlarına və Türkiyədə deprem nəticəsində ailəsini itirmiş uşaqlara bağışlanmışdır. Səs Azərbaycan layihəsindəki çıxışından sonra isə o, şəhid ailələrinin övladları, eləcə də daun və autizm sindromlu uşaqlar üçün təşkil olunan tədbirlərdə dəfələrlə iştirak edərək sosial məsuliyyət nümunəsi göstərmişdir. Bu fəaliyyət onun illərdir davam edən humanizm və vətənpərvərlik mövqeyini açıq şəkildə təsdiq edir.

Hazırda Azərbaycan–Ermənistan sülh prosesinin dövlət səviyyəsində ən yüksək mərhələyə çatdığı bir dönəmdə humanist jestlərin yanlış anlaşılmaması xüsusi önəm daşıyır. Saziş mətninin artıq paraflanması və prosesin rəsmi icra mərhələsinə daxil olması, eləcə də bir neçə gün əvvəl erməni nümayəndə heyətinin Bakıya səfəri regionda yeni siyasi reallığın formalaşdığını göstərir. Bu kontekstdə beynəlxalq platformalarda nümayiş etdirilən mədəni və insani münasibətlər ölkəmizin sülh, sabitlik və diplomatik yumşaqlıq siyasəti ilə tam uyğunluq təşkil edir.

Samirə Əfəndi məsələyə “Tarixin Bir Günü” verilişində şəxsi münasibətini belə ifadə edib:

“Mən hər zaman xalqımın yanındayam. Şəhidlərimizin xatirəsi mənim üçün hər şeydən üstündür. Dövlətimizin apardığı sülh siyasətinə hörmət edir və dəstək verirəm. Bir qazi övladı kimi tarix yaddaşı mənim üçün dəyişməzdir – biz keçmişi unutmuruq, unutdurmuruq. Amma gələcək bizim məsuliyyətimizdədir; övladlarımıza daha təhlükəsiz, mehriban və sülhlə dolu bir dünya ötürmək borcumuzdur. Layihədə etdiyim jest isə sadəcə insanlıq idi – musiqinin insanları birləşdirən, siyasətdən kənar bir güc olduğuna inanıram.”

Samirə Əfəndi həm yaradıcılığında, həm də şəxsi mövqeyində Azərbaycan dəyərlərinə sadiq olaraq fəaliyyət göstərir və ölkəmizin humanizm və sülh yönümlü siyasətini dəstəkləyir", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Astanada təşkil olunan beynəlxalq musiqi müsabiqəsinin final mərhələsi Azərbaycanı münsif qismində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan nümayəndəsi Saro Gevorkyana ən yüksək xal olan 12 bal verib. Daha sonra Saro Gevorkyan Samirə Əfəndiniyə yaxınlaşaraq onu qucaqlayıb. Bu sosial şəbəkələrdə geniş müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti