Astana. Trend:
Qazaxıstan Aktau şəhərində yeni dəniz limanı inşa etməyi planlaşdırır.
Trend-in Qazaxıstan hökumətinə istinadən verdiyi xəbərə görə, bunu hökumətin iclasında Manqıstau vilayətinin hakimi Nurdövlət Kilıbay bildirib.
Onun sözlərinə görə, investisiya layihəsinin dəyəri 300 milyon ABŞ dollarıdır. Layihənin tərəfdaşı Çin şirkətlər qrupu “Zhongyun International”dır. Hazırda investor regionda şirkəti artıq qeydiyyatdan keçirib və İnvestisiya Sazişinin imzalanması üçün sənədləri hazırlayır.
“Layihə yeni beynəlxalq nəqliyyat dəhlizinin – Çin – Qazaxıstan – Aktau – Bakı – Poti – Avropa marşrutunun formalaşmasına töhfə verəcək. Bu dəhlizin həyata keçirilməsi yüklərin çatdırılma müddətini 7–15 gün azaltmağa, nəqliyyat xərclərini 18–25 faizə endirməyə, həmçinin yeni iş yerləri yaratmağa imkan verəcək”, – deyə Kilıbay vurğulayıb.
Bundan əvvəl iclas zamanı Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev ilin sonuna kimi Çin şirkəti “Lianyunqanq” ilə birgə Aktau limanında konteyner qovşağının inşasının birinci mərhələsinin başa çatdırılacağını bildirmişdi.
